
Ukrayna Silahlı Qüvvələri bu ilin sonuna qədər 3 milyon FPV dron təhvil alacaq
Ukrayna Silahlı Qüvvələri bu ilin sonuna qədər ümumilikdə 3 milyon ədəd FPV dron təhvil alacaq.
“Poliqon” xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Denis Şmiqal özünün “Telegram” səhifəsində paylaşım edib.
Nazir bildirib ki, döyüş meydanında pilotsuz sistemlərin rolu artır və buna görə də müharibə üçün innovativ vasitələrin istehsalı onların bir nömrəli prioritetidir.
“Bu ilin sonuna qədər Ukrayna Silahlı Qüvvələri 3 milyon ədəd FPV dron alacaq. Bu, keçən il orduya tədarük edilmiş FPV dronların sayından təxminən 2.5 dəfə çoxdur. Döyüşçülərimizin arsenalında olan pilotsuz uçuş aparatlarının böyük əksəriyyəti yerli – Ukrayna istehsalıdır”, – deyə D.Şmiqal vurğulayıb.
Onun sözlərinə görə, bu il 2.4 milyon ədəd FPV dron Ukrayna Müdafiə Nazirliyinin Müdafiə Satınalmaları Agentliyi tərəfindən orduya tədarük edilib. Onların böyük hissəsi birbaşa istehsalçılarla bağlanmış müqavilələr əsasında alınan dronlardır. Həmçinin hərbçilər 200000 ədəd PUA‑nı iyul ayının sonunda istifadəyə verilmiş “DOT‑Chain Defence IT” sistemi vasitəsilə əldə ediblər.
O qeyd edib ki, cari il ərzində Ukrayna Silahlı Qüvvələrinin bölmələrinə təxminən 15 min ədəd yerüstü robot kompleksi də tədarük olunub: “Bu rəqəm keçən illə müqayisədə dəfələrlə çoxdur. Sözügedən robotlar logistika, evakuasiya, kəşfiyyat, minalama və minatəmizləmə, patrul kimi tapşırıqları icra edir. Bəzi yerüstü robotlar döyüş modulları ilə təchiz edilib və həm hücum, həm də müdafiə əməliyyatlarında iştirak edir”.


