Ukrayna Silahlı Qüvvələri yeni “Verba” YARS-ı silahlanmaya qəbul edib
Ukrayna Müdafiə nazirinin 27 avqust 2021-ci il tarixli 260 nömrəli əmrinə əsasən Silahlı Qüvvələr yeni “Verba” yaylım atəşli reaktiv sistemi (YARS) silahlanmaya qəbul edib.
Bu barədə “Poliqon”a “Ukroboronprom” Dövlət Konserninin mətbuat xidmətindən məlumat verilib.
Əslində “Verba” YARS təkmilləşdirilmiş BM-21 “Qrad” döyüş maşınıdır. Hələ keçmiş SSRİ-də tanınan “Qrad” YARS, ənənəvi Ural şassisini Ukrayna istehsalı KrAZ şassisi ilə əvəz edib. Amma təkmilləşdirmə bununla məhdudlaşmır. Əvvəllər əllə yerinə yetirilən bir sıra funksiyalar indi avtomatik rejimdədir. Müasir rəqəmsal sistemlər sayəsində heyət avtomatik olaraq nişan ala, atəşi idarə edə və qurğunu yenidən doldura bilir.
Maşın üzərində atəşin dəqiqliyini əhəmiyyətli dərəcədə artıran yeni platforma sabitləşdirmə sistemi də quraşdırılıb.
BM-21 “Qrad” YARS kimi, yeni döyüş maşını da 40 ədəd 122 mm-lik reaktiv mərmilərdən istifadə edir. İndi, təkmilləşdirmələr sayəsində yenidən doldurma on dəqiqə çəkir. YARS hədəfləri maksimal 40 km məsafədə məhv edir.
Xatırladaq ki, “Verba” YARS-ın ilk nümunəsi 2015-ci ildə nümayiş etdirilib. İlk dəfə olaraq, Ukrayna Müdafiə Nazirliyi 2019-cu ilin sonunda döyüş maşınının dövlət sınaqlarının başa çatdığını və Ukrayna Silahlı Qüvvələri tərəfindən qəbul edildiyini açıqlayıb, lakin o zaman işlər hələ kütləvi istehsala çatmamışdı.
Əhəd Əzizov