Ukrayna şirkəti “Korsar” TƏİRK simulyatoru hazırlayıb
Ukraynanın “Luç” Kiyev Dövlət Konstruktor Bürosuna daxil olan “NVP Metekol” müəssisəsi tərəfindən “Korsar” tank əleyhinə idarəolunan raket kompleksinin (TƏİRK) simulyatoru hazırlanıb.
“Poliqon” SZTF PROGRESS Dövlət Müəssisəsinə istinadən xəbər verir ki, “Korsar” TƏİRK simulyatoru ilk dəfə Polşada keçirilən MSPO-2021 XXIX Beynəlxalq Müdafiə Sənayesi Sərgisində nümayiş olunur.
Şirkət mütəxəssislərinin sözlərinə görə, yeni simulyator yüngül daşınan “Korsar” tank əleyhinə idarəolunan raket kompleksinin görünüşünü və xüsusiyyətlərini tamamilə təkrarlayır. “Korsar” simulyatoru həm statik, həm də mobil quru hədəflərinə və helikopterlərə 100-2500 metr məsafədə raket atır.
Məlumat üçün qeyd edək ki, MSPO-2021 sərgisində Ukrayna ekspozisiyasının təşkilatçısı SZTF PROGRESS Dövlət Müəssisəsidir.
Rizvan Fikrətoğlu