Ukrayna T929 “ATAK-II” zərbə helikopterlərini mühərriklə təmin edəcək

Ukrayna T929 “ATAK-II” zərbə helikopterlərini mühərriklə təmin edəcək

Ukrayna və Türkiyə T929 “ATAK-II” zərbə helikopterləri üçün mühərrik tədarükü barədə müqavilə imzalayıb.

“Poliqon” “Ukrainskiy militarniy portal”ına istinadən xəbər verir ki, bunu TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi) şirkətinin baş direktoru Təməl Kotil açıqlayıb.

Jurnalistlərin suallarını cavablandıran TUSAŞ şirkətinin rəhbəri Ukraynanı “qardaş ölkə” adlandırıb və embarqo və sanksiyalar səbəbindən Ukrayna şirkətləri ilə problem olmayacağını qeyd edib.

Ukrayna aviaistehsalçısının lehinə seçim Türkiyənin alternativinin olmaması ilə izah olunur. Belə ki, Qərb şirkətləri ilə əməkdaşlıq növbəti geosiyasi problemlər üzündən hər an dayana bilər.

Bu, Türkiyənin “Altay” tankının güc qurğusu ilə əlaqədar artıq baş verib və ona görə, rəsmi Ankara gələcəkdə özünü bundan sığortalamaq istəyir.

T929 “ATAK-II” helikopterlərinin Ukrayna mühərrikləri ilə təchiz edilməsi planları haqqında ilk dəfə Türkiyə mətbuatı hələ 2021-ci ilin mart ayında məlumat verib.

Bu helikopterin kütləsi 11 tondur, 1,5 ton silah və sursat daşıya bilər. İki qaz turbinli mühərrik yüksək hündürlüklərdə olduğu kimi yüksək temperaturda da işləməyə imkan verir. T929 “ATAK-II” zərbə helikopterinin silahlanması aviasiya topundan, “hava-hava” və “hava-yer” sinif raketlərdən, həmçinin 70 mm-lik idarə olunmayan aviasiya raketlərindən ibarətdir.

T929 “ATAK-II” zərbə helikopterinin layihələndirilməsi 2019-cu ildə Türkiyə Müdafiə Sənayesi Başqanlığı (SSB) ilə TUSAŞ arasında “Ağır Sınıf Taarruz Helikopteri” proqramı çərçivəsində müqavilə imzalanması sayəsində həyata keçirilir.

Yeni helikopterin bəzi texniki xassələri aşağıdakı kimidir:

  • kütləsi – 11 ton;
  • 2 qaz turbinli mühərrik;
  • tandem kabina;
  • isti iqlim şəraitində istifadə imkanı;
  • ətraf mühit faktorlarına davamlılıq;
  • radioelektron mübarizənin müasir imkanları.

TUSAŞ şirkəti 2017-ci ildən bəri, T129 “ATAK” yüngül zərbə helikopteri ilə perspektivli ağır T929 “ATAK-II” arasında yer tutmalı olan 6 tonluq T629 “ATAK-II” zərbə helikopterini inkişaf etdirir. 2019-cu ildə şirkət layihəni müdafiə edib və helikopterin ilk uçuş modelini yığmağa başlayıb. Keçirilən təqdimatda helikopter modeli “Roketsan” istehsalı “L-UMTAS” tank əleyhinə raket modelləri və 70 mm çaplı idarə olunmayan raketlərin buraxma qurğularının modelləri ilə də təchiz edilib.

Qeyd etmək lazımdır ki, TUSAŞ artıq zərbə helikopterlərinin istehsalı və təkmilləşdirilməsində təcrübəyə sahibdir. Hazırda İtalyanın “Agusta” şirkətinin (indi AgustaWestland şirkətinin bölməsidir) Agusta A129 “Mangusta” helikopterinin lisenziyalı variantı olan T129 “ATAK” çoxməqsədli zərbə helikopterini Türkiyə Ordusu üçün istehsal edir.

T-129 “ATAK” zərbə helikopterinin əsas xassələri:

  • maksimal uçuş sürəti – 278 km/saat;
  • uçuş məsafəsi – 561 km;
  • kreyser sürəti 269 km/saat;
  • mühərrikin növü – LHTEC T800;
  • ilk uçuş tarixi – 28 sentyabr 2009-cu il.
  • silahlanması:
  • 20×102 mm üç lüləli fırlanan 1 ədəd M197 topu;
  • asqı nöqtələri – 4 ədəd;
  • raketlər – maksimal 4 buraxma konteyneri:
  • 38 ədəd 81 mm-lik idarə olunmayan raketlər;
  • 7 ədəd 70 mm-lik idarə olunmayan raketlər;
  • 8 ədəd AGM-114 Hellifire, BGM-71 TOW, Hydra 70,
  • Spike-ER, UMTAS, OMTAS tank əleyhinə raketlər, Sura D / Snora “hava-hava” və “hava-yer” sinif raketlər;
  • 12 ədəd Cirit raketi;
  • 2 ədəd AIM-92 Stinger və ya Mistral və ya AIM-9 Sidewinder zenit raketi;
  • 12,7 mm-lik pulemyot bölməsi.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS