QuruXəbərlər

Ukrayna təkmilləşdirilmiş UAT.GYURZA-02 zirehli maşınını silahlanmaya qəbul edib

Ukrayna Müdafiə Nazirliyi UAT.GYURZA-02 xüsusi zirehli nəqliyyat vasitəsinin təkmilləşdirilmiş versiyasını silahlanmaya qəbul edib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yenilənmiş texnika ekipaj üçün 360° mühafizə, gücləndirilmiş hərəkət sistemi, artırılmış yükdaşıma qabiliyyəti və süni intellekt əsaslı proqram təminatına malikdir.

Bildirilib ki, maşın hərbçilərin tələbləri və müharibənin sərt şərtləri nəzərə alınaraq yenilənib. Konstruktorlar müstəqil asqı sistemini gücləndirib, bəzi elementləri dəyişdirib və yaxşılaşdırılmış xüsusiyyətlərə malik şinlər quraşdırıblar. Bunun nəticəsində nəqliyyat vasitəsinin çətin döyüş şəraitində keçid və dözümlülük göstəriciləri artıb.

Avtomobilin zirehli gövdəsi ekipajı, desant bölməsini və daxili avadanlıqları qəlpələrdən qorumaq məqsədilə dairəvi qəlpə əleyhinə daxili örtüklə təchiz olunub. Təkmilləşdirilmiş UAT.GYURZA-02 iki versiyada – silah quraşdırılması üçün fırlanan qüllə ilə və ya qülləsiz istehsal edilə bilər.

Yenilənmiş UAT.GYURZA-02-nin texniki xüsusiyyətləri:

  • Tam kütləsi – 18 tondan bir qədər çox
  • Yükdaşıma qabiliyyəti – 2,5 ton
  • Yerdən hündürlüyü (klirens) – 380 mm
  • Gediş ehtiyatı – 1200 km
  • Maksimal sürəti – 110 km/saat.

Maşın STANAG 4569 standartına uyğun 3a və 3b mina mühafizə səviyyəsinə sahibdir ki, bu da ekipajı 8 kq trotil ekvivalentində partlayıcı qüvvəyə malik minanın təsirindən qoruyur.

UAT.GYURZA-02 xüsusi zirehli nəqliyyat vasitəsi hava ventilyasiya, isitmə, kondisioner və digər sistemlərlə təchiz olunub. Bundan başqa, avtomobildə mühərrik bölməsi və desant hissəsi üçün yanğınsöndürmə sistemləri, gecəgörmə kompleksi, həmçinin dörd videokameradan ibarət müşahidə sistemi və monitorlar mövcuddur. Əsas üstünlüklərdən biri texnikanın xarici mühitin monitorinqi üçün süni intellektdən istifadə edən proqram təminatı ilə də təchiz edilə bilməsidir.

Back to top button