
Ukrayna üçün ABŞ-dan silah alınmasına 4 milyard dollardan çox vəsait ayrılacaq
Tərəfdaşlar PURL (“Prioritized Ukraine Requirement List”) təşəbbüsü çərçivəsində Ukrayna üçün ABŞ-dan silah alınmasına 4 milyard dollardan çox vəsait ayırmağı öhdələrinə götürüblər.
“Poliqon” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmiqal özünün “Telegram” səhifəsində məlumat paylaşıb.
Bildirilib ki, bu həftə tərəfdaşlar Kiyev üçün yeni ianələr elan ediblər:
- Norveç, Polşa və Niderland tərəfindən 500 milyon dollar;
- Almaniya tərəfindən 200 milyon dollar;
- Kanada tərəfindən 200 milyon Kanada dolları.
Bundan əlavə, bu həftə Avstraliya və Yeni Zelandiya da PURL təşəbbüsünə qoşularaq 70 milyon dollardan çox ianə ayırıb. Beləliklə, təşəbbüs artıq dünyanın müxtəlif bölgələrindəki Ukrayna tərəfdaşlarını əhatə edir. Ümumilikdə isə PURL təşəbbüsünə 21 ölkə qoşulub.
Qeyd olunub ki, PURL ölkələrə Ukraynanın formalaşdırdığı, o cümlədən ABŞ və NATO tərəfindən təsdiq edilmiş prioritet ehtiyaclar siyahısına uyğun olaraq Amerika silahlarının alınmasını maliyyələşdirməyə imkan verir. PURL təşəbbüsünün fəaliyyətdə olduğu müddət ərzində “Patriot” sistemləri üçün raketlərin təxminən 75%-i və digər hava hücumundan müdafiə sistemləri üçün raketlərin təxminən 90%-i Ukraynaya məhz bu mexanizm vasitəsilə tədarük olunub.

