
Ukrayna və İspaniya müdafiə sahəsində əməkdaşlığı dərinləşdirir
Ukraynanın müdafiə naziri Rüstəm Umerov Madridə səfəri çərçivəsində İspaniyanın müdafiə naziri Marqarita Robles ilə Avropanın təhlükəsizliyinin əsas məsələləri və Ukrayna Müdafiə Qüvvələrinin gücləndirilməsi ilə bağlı danışıqlar aparıb.
Bu barədə “Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verib.
Bildirilib ki, tərəflər xüsusi diqqət tələb edən əməkdaşlığın prioritet istiqamətlərini müəyyən ediblər. Xüsusilə, sənaye əməkdaşlığının dərinləşdirilməsi, hava hücumundan müdafiənin gücləndirilməsi, döyüş sursatı və zirehli texnikanın tədarükü məsələləri müzakirə edilib.
Marqarita Robles 2025-ci ildə Ukraynaya yardım üçün ətraflı planları təqdim edib. Danışıqlardan sonra müdafiə nazirləri Ukrayna hərbçilərinin təliminə dair saziş imzalayıblar ki, bu da ölkələr arasında müdafiə sahəsində əməkdaşlığı yeni səviyyəyə çıxaracaq.
İspaniya tərəfi müasir müharibənin aparılmasında Ukrayna təcrübəsinin öyrənilməsində də maraqlı olduğunu bildirib.