
Ukraynada 2S22 “Boqdana” ÖAQ atəş sınaqları keçirilib
Ukraynada Silahlı Qüvvələrinin Şirokiy Lan poliqonunda yeni və yerli layihə olan 155 mm-lik 2S22 “Boqdana” özüyeriyən artilleriya qurğsunun (ÖAQ) atəş sınaqları keçirilib.
“Poliqon” “Defence Express”ə istinadən xəbər verir ki, sınaq zamanı 50-dən artıq atış aparılıb.
Ukraynanın 155 mm çaplı 2C22 “Boqdana” ÖAQ-ı, Ukrayna Müdafiə Nazirliyi və “Kramatorsk Ağır Dəzgahlar Zavodu”nun birgə qərarı əsasında 2016-cı ilin fevral ayından etibarən Dövlət müdafiə sifarişinin sınaq-konstruktor işləri çərçivəsində hazırlanır.
2C22 “Boqdana” ÖAQ NATO standartına uyğun olaraq 155 mm çapındadır. Layihəyə görə, ÖAQ adi atəş yığımı ilə 40 km-ə qədər və aktiv-reaktiv atəş yığımı ilə 60 km-ə qədər məsafəyə atəşi təmin etməlidir.
Haubitsa, 6×6 təkər formullu KrAZ-63221 şassisinə quraşdırılıb və döyüş vasitəsinə xidmət edən heyəti yerləşdirmək üçün qoşa zirehli kabinaya malikdir. “Proqressiv yivli” 155 mm-lik haubitsanın lüləsi “Kramatorsk Ağır Dəzgahlar Zavodu”nda istehsal edilib.
2S22 “Boqdana” ÖAQ, eyni zamanda, rəqəmsal atəşi idarəetmə sistemi və doldurma avtomatı ilə təchiz olunub. Bu da öz növbəsində mobilliyi, sürətli olmanı və düşmənin əks atəşinə məruz qalmamağı təmin edir.
Bu günə qədər yürüş sınaqlarından keçən ilk prototip hazırlanıb.