Ukraynada iki çaplı minaatan hazırlanıb

Ukraynada iki çaplı minaatan hazırlanıb

Ukrayna Silahlı Qüvvələrində iki çaplı (bikalibr) minaatanlar peyda olub.

“Poliqon” Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni minaatan həm 30 mm, həm də 40 mm avtomatik qumbaraatanların qəlpəli qumbaralı atəş yığımları ilə atış apara bilir.

Yeni minaatan 30/40 mm-lik çapa malikdir. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 108-ci Ərazi Müdafiə Briqadasının əsgərlərinin yeni silah növü ilə sınaqlar aparan zaman çəkilmiş fotolarını nümayiş etdirib.

Hərbiçilər qeyd edirlər ki, hər bir silah özünəməxsus yanaşma tələb edir, ona görə də cəbhəyə göndərilməzdən əvvəl silahlar diqqətlə yoxlanılır. Döyüşçülər atışlar üçün bucaq təyin edir, atəş açır və sonra mərminin verilmiş kvadrata düşüb-düşmədiyini yoxlayır. Ukrayna SQ Baş Qərargahında izah edirlər ki, lazım olan ərazidə proqnozlaşdırıla bilən sabit bir dəymə müvəffəqiyyət hesab olunur.

Atəş üçün qumbara dibində kəsiyi olan boruya yerləşdirilir. Boru, minaatan lüləsinə yerləşdirilir, sonra isə aşağı buraxılır və qumbaranın kapsulu iynənin təsirindən işə düşür (alışma baş verir).

Xatırladaq ki, minaatan haqqında məlumatlar internetdə 2023-cü ilin əvvəlində görünməyə başlayıb. Lakin, iki çaplı minaatanın xüsusiyyətləri haqqında məlumat hələ ictimaiyyətə açıqlanmır. Buna baxmayaraq, 30 mm çaplı avtomatik qumbaraatanda 30×29 mm VOQ-17, VOQ-17M, VOQ-30 atəş yığımının istifadə olunmasını, şəkilləri verilmiş minaatanın lüləsinin uzunluğunu və 30 mm-lik VOQ-17/VOQ-30 tipli atəş yığımlarının xüsusiyyətlərini nəzərə aldıqda, minaatandan 1000-1500 m məsafəyədək atəş aparmağın mümkün olduğunu ehtimal etmək olar. 30×29 mm-lik VOQ-17 və VOQ-30 tipli qəlpəli qumbaralı atəş yığımlarının qumbarasının zərbə dalğası ilə təxmini məhvetmə radiusu 1,2 m, qəlpələr tərəfindən davamlı məhvetmənin təxmini radiusu isə 7 m-dir.

Ukrayna Ordusunda 40 mm-lik avtomatik qumbaraatanlardan əsasən 40×46 mm SR tipli atəş yığımlarının istifadəsini, həmçinin Ukraynada istehsal olunan UAQ-40 avtomatik qumbaraatanın lüləsinin uzunluğunun sözügedən minaatanla eyni olmasını nəzərə alaraq, ikiçaplı minaatanın 40 mm çaplı atəş yığımları ilə atış məsafəsinin təxminən 1500-2000 metr arasında olduğunu ehtimal etmək olar. 40×46 mm-lik M406 tipli qəlpəli qumbaralı atəş yığımlarının qumbarasının zərbə dalğası ilə təxmini məhvetmə radiusu 5,0 m, qəlpələr tərəfindən davamlı məhvetmənin təxmini radiusu isə 7 m-dir.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS