Ukraynada “Speka” yüngül reaktiv odsaçan sistemi yaradılıb

Ukraynada “Speka” yüngül reaktiv odsaçan sistemi yaradılıb

Ukraynanın “Morozov adına Xarkov Maşınqayırma Konstruktor Bürosu” tərəfindən 122 mm-lik “Speka” yüngül reaktiv odsaçan qurğusunun 4×4 təkər formullu “Dozor-B” təkərli taktiki döyüş maşınının platformasına inteqrasiyasını başa çatdırılıb.

“Poliqon” xəbər verir ki, bu barədə “Defence Express” portalı məlumat yayıb.

Layihə Ukrayna Silahlı Qüvvələrinin Silah və Texnika Mərkəzi Tədqiqat İnstitutunun mütəxəssislərinin iştirakı ilə hazırlanıb.

Bildirək ki, yeni reaktiv odsaçan sisteminin yaradılması üzrə işlərin əsas icraçıları “Ukroboronprom” Dövlət Konserninə daxil olan bir neçə müəssisədir. Sistemin əsas icraçısı və inteqratoru “Dozor” zirehli maşınının yaradıcısı olan “Morozov adına XMKB”-dir. Layihənin digər əsas iştirakçısı isə “Artyom” Dövlət Səhmdar Holdinq Cəmiyyəti tərəfindən hazırlanan və istehsal edilən yeni 122 mm-lik RS-122TB “Speka” reaktiv termobarik döyüş sursatlarının buraxılması üçün istiqamətləndiricilər paketinin istehsalına məsul olan “Şepetovka Təmir Zavodu”dur.

Odsaçan sistemi kənardan adi “Dozor” xətti maşınından ayırmaq çətindir. Bununla belə, avtomobil yüngül bir yaylım atəşli reaktiv sistem (YARS) halına gətirilmiş, banında 10 ədəd RS-122TB “Speka” termobarik reaktiv mərmi olan istiqamətləndiricilər bloku yerləşdirilib. Lazım olduğu anda, istiqamətləndiricilər paketi döyüş vəziyyətinə keçirilir və heyət buraxılışı həyata keçirir.

Yüngül mobil “Speka” odsaçan qurğusu sistemi (YARS) düşmənin açıqda yerləşən canlı qüvvəsini, zirehsiz və yüngül zirehli maşınları və infrastruktur elementlərini (mobil komanda məntəqəsi, hava hücumundan müdafiə vasitələri və s.) məhv etmək üçün nəzərdə tutulub.

Xatırladaq ki, cari ilin iyun ayında Ukraynada YARS üçün 122 mm-lik termobarik mərmi üzərində işlərin yerinə yetirildiyi bildirilib. Sözügedən 122 mm-lik RS-122TB “Speka” termobarik reaktiv döyüş sursatlarının yaradıcı və istehsalçısı “Artyom” Dövlət Səhmdar Holdinq Cəmiyyətidir.

Hazırda “Speka” odsaçan sistemi zavod sınaqlarına hazırlanır və ilk dəfə geniş ictimaiyyətə Ukraynanın Müsatəqilliyi Günü münasibəti ilə 24 avqustda keçiriləcək hərbi paradda nümayiş etdiriləcək.

“Speka” sisteminin inkişafında artıq planlaşdırılan növbəti mərhələ, kombinələşdirilmiş döyüş başlıqlı döyüş sursatından istifadə edə biləcək robotlaşdırılmış versiyanın hazırlanmasıdır.

RS-122TB “Speka” reaktiv döyüş sursatının elan olunmuş qısa texniki xüsusiyyətləri belədir: çapı – 122 mm, döyüş sursatının uzunluğu – 1450 mm, döyüş başlığının uzunluğu – 655 mm, mühərrikin uzunluğu – 795 mm, döyüş sursatının start kütləsi – 28,5 kq, döyüş başlığının kütləsi – 11,5 kq, atış məsafəsi – 7 km.

speka1

“Speka” yüngül mobil odsaçan qurğusu “Dozor-B” TTDM bazasında (öndən soldan görünüşü)

speka2

“Speka” yüngül mobil odsaçan qurğusu “Dozor-B” TTDM bazasında (arxadan sağdan görünüşü)

speka3

122 mm-lik RS-122TB “Speka” termobarik reaktiv döyüş sursatı

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS