
Ukraynada yerli istehsal olan katerlərin Silahlı Qüvvələrdə istismarına icazə verilib
Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan xüsusi katerlərin bir neçə modelini kodlaşdıraraq, Silahlı Qüvvələrin bölmələrində istismarına icazə verib.
“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu katerlər açıq dənizdə, çay mənsəblərində, böyük göllərdə və s. şəraitdə bir sıra vəzifələri yerinə yetirə bilirlər.
Yerli istehsal olan katerlərin konstruktiv xüsusiyyətləri onları əlçatmaz yerlərdə — bataqlıqlarda, qayalı və palçıqla örtülmüş su hövzələrində istifadə etməyə imkan verir.
Bu katerlər orta səviyyəli su dalğalanmasına qarşı davamlılığı, yüksək yükqaldırma qabiliyyəti və az batma dərinliyi ilə seçilirlər. Tapşırıqdan asılı olaraq katerlər pulemyot, elektron döyüş sistemləri, sonar cihazları, mobil yumşaq yanacaq çənləri və müasir döyüş şəraitinə uyğunlaşdırılmış digər xüsusi avadanlıqlarla təchiz oluna bilərlər.
Qeyd edək ki, sözügedən katerlər artıq real şəraitdə sınaqdan keçirilib.