
Ukraynanın ABŞ və Avropa ölkələrindən aldığı silahların böyük partiyası məhv edildi
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin əlli doqquzuncu gününün xronikasını təqdim edir.
Aprelin 23-də Ukrayna Silahlı Qüvvələri Derqaçevski rayonunun Bezruki, Slatino, Prudyanka kəndlərindən Rusiya qoşunlarını çıxararaq mövqelərini möhkəmləndiriblər.
Döyüş əməliyyatları zamanı Ukraynanın Maryinka kəndi ərazisində və əksər digər ərazilərdə Rusiya hərbçiləri uğur qazana bilməyiblər.
Ukraynanın Nikolayev şəhəri və vilayətinin müdafiəçiləri ilə Rusiya qoşunları arasında mübarizənin yeni mərhələsi başlayıb. Yerli vaxtla saat 05:35-də (Bakı vaxtı ilə 06:35) şəhərdə güclü partlayış olub. Sakinlərdən xahiş olunub ki, sığınacaqlardan çıxmasınlar.
Mariupolda şiddətli döyüşlər davam edib. Rusiya qoşunları Dnepropetrovsk vilayətinə raket zərbəsi endirib.
Ukrayna silahlı qüvvələri Xerson vilayətində uğurlu əməliyyat keçirərək Rusiyanın 50 zabitini məhv edib.
Ukrayna ordusu Xerson vilayətində Rusiya Silahlı Qüvvələrinin 49-cu Əlahiddə Ümumqoşun Ordusunun komanda məntəqəsini dağıdıb. Nəticədə Rusiya Ordusunun iki generalı öldüb, daha bir yüksək rütbəli hərbçi ağır yaralanıb.
Rusiya Ordusunun bölmələri tərəfindən Odessaya endirilən raket zərbələri nəticəsində azı 5 nəfərin öldüyü, 18 nəfərin yaralandığı bildirilib. Raketlər Rusiyanın TU-95 strateji bombardmançı təyyarəsidən buraxılıb. Ukrayna hərbçiləri Rusiyanın 2 qanadlı raketini və 2 operativ-taktiki PUA-sını vurub. Bununla belə, daha 2 raket hərbi obyektə və 2 yaşayış binasına düşüb.
Odessa vilayəti hərbi administrasiyasından bildirilib ki, Rusiya ordusu Ukrayna ərazisinə sualtı qayıqlardan da raket zərbələri endirib. Belə ki, Rusiya Qara dənizdə azı 4 sualtı qayıqdan istifadə etməklə Ukrayna ərazisinə “Kalibr” tipli raketlərdən zərbələr endirir.
Gün ərzində Ukrayna silahlı qüvvələri Donetsk və Luqansk vilayətləri ərazisində Rusiyanın 9 tankını, 18 zirehli nəqliyyat vasitəsini, 13 xüsusi avtomobilini və yanacaq daşıyan maşının, habelə 3 artilleriya sistemini sıradan çıxarıb.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 177 təyyarəsini, 154 helikopterini, 854 tankını, 2205 zirehli texnikasını, 1543 hərbi avtomobilini, 403 artilleriya qurğusunu, 182 PUA-sını, 69 hava hücumundan müdafiə sistemini, 143 yayılım atəşli reaktiv sistemini (YARS), 27 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 21600 nəfər hərbiçisi öldürülüb.
Rusiya Silahlı Qüvvələrinin Slobojansk və Donetsk istiqamətlərində fəallığı müşahidə olunub. Bildirilib ki, Rusiya Ukraynanın Skadovsk rayonunda “S-300VM” zenit-raket kompleksinin batereyası yerləşdirib.
Rusiya ordusu Ukraynanın Zaporojye və İzyum istiqamətlərində bir neçə kilometr irəliləyə bilib.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Rusiya Hərbi-Kosmik Qüvvələrinin yüksək dəqiqlikli uzaqmənzilli havadan buraxılan raketləri Odessa yaxınlığındakı hərbi aerodromda ABŞ və Avropa ölkələrindən alınan silahların böyük partiyasının saxlandığı yeri darmadağın edib.
Rusiya Hərbi-Kosmik Qüvvələrinin əməliyyat-taktiki və ordu aviasiyası gün ərzində Ukraynanın 2 komanda məntəqəsi, 4 ZRK, hərbi texnikanın cəmləşdiyi 52 ərazi olmaqla 79 hərbi obyektini vurub.
Rusiyanın İzyum və Xerson yaşayış məntəqələri ərazilərindəki hava hücumundan müdafiə sistemləri Xarkov vilayətində Ukraynanın biri “Bayraktar TB2” olmaqla 4 PUA-sını məhv edib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 141 təyyarəsi, 110 helikopteri, 264 ZRK, 278 yayılım atəşli reaktiv sistemi, 254 zenit raket kompleksi, 541 PUA-sı, 2479 tank və digər zirehli döyüş maşınları, 2321 xüsusi nəqliyyat vasitəsi, 1081 artilleriya qurğusu və minaatanı məhv edilib.
Müttəfiq ölkələr tərəfindən Ukraynaya hərbi yardım davam edir. Kanada Ukrayna Silahlı Qüvvələrinə 155 mm-lik “M777” haubitsaları verib. Məlumata görə, Kanada Ukraynaya “Carl Gustaf” tank əleyhinə qumbaraatan üçün də əlavə sursat verib.
Polşa hakimiyyəti Ukraynaya ümumi məbləği 1,6 milyard ABŞ dollarından çox olan silah tədarük edib.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa Ukraynaya hərbi yardımı gücləndirir. Makron qeyd edib ki, ölkəsi “Milan” tank əleyhinə raket komplekslərini və CAESAR özüyeriyən artilleriya qurğularını Kiyevə ötürür.
Ukraynanın prezidenti Vladimir Zelenski və Böyük Britaniya baş naziri Boris Conson Ukraynaya yeni hərbi yardımı müzakirə ediblər. Belə ki, Böyük Britaniya Ukraynanı ağır silahlarla təmin edəcək.
Rizvan Fikrətoğlu