Ukraynanın IRIS-T SLM ZRK-ləri hədəfləri TRML-4D radarları ilə aşkarlayacaq
Ukrayna Silahlı Qüvvələrinin IRIS-T SLM zenit-raket kompleksləri (ZRK) hədəfləri Almaniyanın “Hensoldt” şirkəti tərəfindən istehsal edilən TRML-4D radarları ilə aşkarlayacaq.
“Poliqon” “Hensoldt”a istinadən xəbər verir ki, bunun üçün şirkət, IRIS-T SLM ZRK-nin istehsalçısı olan “Diehl Defence” tərəfindən radar təchizatçısı kimi seçilib.
Bildirilib ki, bu çərçivədə sifariş edilən 4 ədəd TRML-4D radarı 2024-cü ilin yanvar ayından başlayaraq “Diehl Defence” şitkətinə təhvil veriləcək.
Ən son rəqəmsal radar texnologiyasından istifadə edən TRML-4D, müxtəlif növ hava hədəflərini aşkarlamaq, izləmək və təsnif etmək qabiliyyətinə malikdir. TRML-4D radarı, aşağı hündürlükdən uçan, kiçik siluetə, yüksək sürətə və manevr bacarıqlarına sahib olan qanadlı raketləri, təyyarələri və helikopterləri aşkarlamaq iqtidarındadır. O, 250 km-ə qədər radiusda 1500-ə yaxın hədəfin sürətli aşkarlanmasını və izlənilməsini təmin edir.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri ilə “Diehl Defence” arasında IRIS-T SLM ZRK-nin alınması üçün müqavilənin imzalandığı 2022-ci ilin iyun ayında Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik tərəfindən açıqlanıb.