ULAQ insansız kateri ilk ixracat uğunu əldə edib
“Milipol Qatar-2024” sərgisində Türkiyənin “Meteksan Savunma” şirkəti və Qətərin Daxili İşlər Nazirliyi arasında ULAQ 11 PSV insansız katerinin tədarükü ilə bağlı müqavilə imzalanıb.
“Poliqon” “Meteksan Savunma”ya istinadən xəbər verir ki, bununla da ULAQ insansız kateri ilk ixracat uğunu əldə edib.
“Bu layihə vasitəsilə Türkiyənin ilk insansız dəniz vasitəsini ixrac etməkdən böyük qürur duyuruq və bu texnologiya sahəsində yeni uğurlar əldə etmək üçün bütün gücümüzlə çalışmağa davam edirik”, – deyə “Meteksan Savunma” şirkətindən bildirilib.
Qeyd edək ki, “Ares Tersanesi” və “Meteksan Savunma” şirkətləri tərəfindən birgə hazırlanan Türkiyənin ilk insansız dəniz vasitəsi (kater) ULAQ-ın dizayn işləri 2020-ci ilin avqust ayında başa çatdırılıb və həmin ilin oktyabrında təqdimatı keçirilib. ULAQ insansız silahlı katerin ilk prototipinin istehsalı 2021-ci ilin əvvəlində tamamlanıb və sınaqlarının keçirilməsinə başlanıb.
400 km hərəkət radiusuna, 65 km/saat sürətə, gündüz və gecə görmə qabiliyyətinə, milli şifrələnmiş rabitə sisteminə sahib insansız silahlı katerin (Silahlı İnsansız Deniz Aracı -SİDA) korpusu tamamilə müasir kompozit materiallardan inşa edilib. O, kəşfiyyat, nəzarət, müşahidə, su üstü müharibə, asimmetrik müharibə, silahlı patrul və qüvvələrin qorunması, strateji obyektlərin mühafizəsi kimi müxtəlif tapşırıqların icrası üçün qurudan nəqliyyat vasitələri üzərində yaradılan mobil, yaxud komanda-qərargah mərkəzindən, habelə dənizdə təyyarədaşıyanlardan, freqatlardan və digər platformalardan idarə oluna biləcək.