UNEX UGV amfibiya robotunun Ukrayna Silahlı Qüvvələrində istismarına icazə verilib

UNEX UGV amfibiya robotunun Ukrayna Silahlı Qüvvələrində istismarına icazə verilib

Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan amfibiya tipli UNEX UGV robotunu kodlaşdıraraq Silahlı Qüvvələr tərəfindən istismarına icazə verib.

“Poliqon” Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, UNEX UGV robotu xüsusi şassi üzərində qurulub və bu, onu ən çətin şəraitlərdə belə yüksək hərəkət qabiliyyəti ilə təmin edir.

Bildirilib ki, robot asanlıqla su, bataqlıq, palçıq, qum və buz üzərində hərəkət edə bilir. Oxlar arasındakı çəkinin bərabər bölüşdürməsi və enli təkərləri sayəsində UNEX UGV-nin yerə düşən təzyiqi bir əsgərin ayağından daha azdır. Bu səbəbdən platforma hərəkət edərkən avtomobil və zirehli texnikanı hədəfə alan minaları aktivləşdirmir.

Amfibiya imkanlarına malik robot su maneələrini, aşmış ağacları, iri daşlıq əraziləri və xəndəkləri aşa, o cümlədən sudan çıxaraq buz üzərinə hərəkət edə bilir. O, müxtəlif temperatur və çətin hava şəraitlərində işləmək bacarığına sahibdir.

Radioelektron mübarizə sistemlərinə qarşı davamlı olan UNEX UGV etibarlı radioidarəetmə sisteminə, proqramlaşdırıla bilən avtopilota və güclü batareyalara malikdir. Robot döyüş, radioelektron mübarizə, logistika, təxliyə, minatəmizləmə və digər vəzifələrin yerinə yetirilməsi üçün müxtəlif modifikasiyalarda istehsal edilə bilər.

CATEGORIES
TAGS