Uzaq məsafə, yüksək dəqiqlik – “Olxa” və “Neptun”

Uzaq məsafə, yüksək dəqiqlik – “Olxa” və “Neptun”

2014-cü ildən müdafiə sənayesində islahatlara və modernləşməyə başlayan Ukrayna ötən 5 il ərzində yeni silah və hərbi texnika nümunələrinin yaradılmasına nail olmuşdur. Ölkənin şərqindəki separatçılarla davam edən silahlı münaqişə, Kırımın itirilməsi, eləcə də Azov və Qara dənizdə artan təhdidlər rəsmi Kiyevin silah sənayesinə daha çox diqqət yetirməsini şərtləndirməkdədir.

Keçmiş SSRİ-dən qalan böyük həcmdə silah və texnika ehtiyatının, hətta konservasiya edilmiş texnikaların əvvəlki illərdə “yüngül əl gəzdirilməklə” xaricə satılması, müdafiə sənayesi sektorunda mövcud olmuş korrupsiya, ordunun istifadəsində olan texnikaların uzun illər baxımsız qalması Şərqi Ukraynada baş verən silahlı münaqişənin ilk mərhələsində ciddi itkilərlə özünü göstərmişdi.

2014-cü ildə ordunun yerli istehsal olan yüksək dəqiqlikli silahlarla təchiz edilməsinin vacibliyini önə çəkən Ukrayna hökumətinin tapşırığına əsasən, ölkə üçün xüsusi əhəmiyyət daşıyan, eyni zamanda ixracat perspektivli iki layihə – 300 mm çaplı “Olxa” idarə olunan reaktiv raketin və R-360 “Neptun” gəmi əleyhinə qanadlı raketin yaradılmasına başlandı. Maddi çətinliklərə baxmayaraq, hər iki layihə üzrə işlər sürətli şəkildə aparılaraq, qısa zamanda önəmli nəticələr əldə olunmuşdur.

“Olxa” silahlanmada

2018-ci ildə silahlanmaya qəbulu tövsiyyə olunan 300 mm çaplı “Olxa” idarə olunan reaktiv raketin 100 ədədlik ilk partiyası dekabr ayının əvvəllərində Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib. Sifarişin növbəti partiyasının isə 2020-ci ilin yanvar ayında çatdırılması planlaşdırılır. “Ukroboronprom” Dövlət Konserni rəsmilərinin sözlərinə görə, Ukrayna Ordusunun silahlanmasındakı köhnəlmiş 9K58 “Smerç” yaylım atəşli reaktiv sistemlərin (YARS) əvəz edilməsi məqsədi ilə “KrAZ-7634” şassisi üzərində müstəqil “Olxa” buraxıcı platformasının yaradılması üzərində işləyir.

olxa 4

“Olxa” YARS

Qeyd etdiyimiz kimi, 2014-cü ilin əvvəllərində Rusiya ilə yaşanan konflikt və Şərqi Ukraynada baş verən silahlı münaqişə dəqiq raket sistemlərinin yaradılması proqramlarının sürətlənməsində mühüm rol oynamışdır. Həmin dövrdə Ukrayna Ordusunun Raket-Artilleriya Qoşunlarının silahlanmasında əsasən uzun mənzilli raket sistemlərindən 9K58 “Smerç” YARS və “Toçka-U” operativ-taktiki raketlər mövcud olsa da, bu sistemlər uzun müddət təmir-baxım keçmədiyindən fiziki və mənəvi baxımdan istifadəyə yararsız vəziyyətdə idi. 2013-cü ildə “Cənub” (“Yujnoye”) Konstruktor Bürosu tərəfindən “Qrom” adlı uzun mənzilli OTRK-nin yaradılması layihəsi üzərində işlərə başlanmış, lakin sonrakı illərdə maddi çətinliklər səbəbindən layihə başa çatdırılmamışdı.

Ukraynanın sabiq prezidenti Petr Poroşenkonun 2016-cı ilin yanvar ayında verdiyi tapşırıqla “Luç” Kiyev Dövlət Konstruktor Bürosu “Artyom” Dövlət Şirkəti ilə birlikdə “Smerç”lərin 300 mm-lik döyüş sursatlarının yerini alacaq “Olxa” raketinin yaradılması layihəsinə başlayıb. Bu günədək layihə üzrə yaradılma və sınaqlara ümumilikdə 1 milyard qrivendən (təxminən 45 milyon ABŞ dolları) artıq vəsaitin xərcləndiyi bildirilir.

“Olxa” idarə olunan reaktiv raketin yaradılması ilə bağlı müəyyən zidiyyətli informasiyalar mövcuddur. “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun rəsmi şəxslərinə istinadən mediada “raketin “Smerç”in döyüş sursatının element bazasından istifadə edilməklə, qısa müddətdə, sıfırdan yaradıldığı” iddia olunur. Lakin, “Silah və Təhlükəsizlik-2019” sərgisində söhbət etdiyimiz “Ukroboronprom” Dövlət Konserninin mütəxəssislərindən biri 300 mm çaplı “Olxa” raketinin 2000-ci illərin əvvəllərində layihələndirilmiş bənzər məmulatın əsasında, onun üzərində müəyyən təkmilləşdirmələr aparılmaqla meydana gəldiyini söyləyib. Onun sözlərindən aydın olduğu qədər Ukrayna hökuməti “Smerç” platformasından atılması üçün idarəolunan raketin yaradılması layihəsini əslində 2000-ci illərin əvvəllərində başlayıb. Ancaq, maddi çətinliklər, eləcə də hərbi sənaye və ordu daxilindəki korrupsiya layihənin arxivə göndərilməsi ilə nəticələnib.

9K58 “Smerç” raketinin element bazasından da istifadə edilməklə yaradılan “Olxa”nın 2016-cı ilin mart ayının 22-də keçirilmi ilk atış sınağı müvəffəqiyyətlə nəticələnib. Həmin ilin avqustunda Odessa şəhəri yaxınlığındakı poliqonda keçirilmiş sınaqların növbəti mərhələsində 14 ədəd reaktiv mərminin buraxılışı həyata keçirilib. Bundan sonra, 2016-cı ilin noyabrında və 2017-ci ilin may ayında Odessa ərazisindəki poliqonda keçirilən atış sınaqlarının nəticələri əsasında raketin texniki imkanlarının yaxşılaşdırılması işləri aparılıb. Sınaqlarla paralel şəkildə “Artyom” Dövlət Şirkətinin müəssisəsində raket korpuslarının istehsal xəttinin yaradılmasına başlanıb və müəssisə Türkiyənin “Repkon” şirkətindən alınan müasir dəzgahlarla komplektləşdirilib. 2017-ci ilin dekabr ayında keçirilmiş sınaqlar zamanı müəssisədə yeni texnologiyalarla istehsal edilmiş raketin korpusunun keyfiyyəti, eləcə də balistik xüsusiyyətləri, yanacağın effektivliyi və dəqiqliyi yoxlanılıb.

2018-ci ildə sınaqları davam etdirilən “Olxa”nın təkmilləşdirilmiş nümunəsi avqust ayında Kiyevdə Ukraynanın Müstəqillik Gününə həsr olunmuş hərbi paradda nümayiş etdirilib.

2019-cu ilin aprel ayında “Ukroboronprom” Dövlət Konserni yanacağı və naviqasiya sistemi təkmilləşdirilmiş, atış uzaqlığı 130 kilometrədək artırılmış “Olxa-M” modifikasiyasının sınaqlarına başladığını elan edib. Avqustun 30-da keçirilmiş ikinci sınağın nəticələri əsasında “Olxa-M” raketinin taktiki-texniki xüsusiyyətlərin təkmilləşdirilməsi qərara alınıb. Ukrayna Dövlət Təhlükəsizlik Şurasının Katibi Aleksey Danilov dekabrın 18-də özünün sosial media hesabında “Olxa-M” raketinin növbəti atış sınaqlarının keçirilməsi barədə məlumat verərək, 130 km yaxın məsafədə raketin hədəfdən sapmasının 30 metr təşkil etdiyini bildirib.

Raketin aşağıdakı modifikasiyaları mövcuddur:

  • “Olxa” – atış uzaqlığı 70 km. 250 kq ağırlığında qəlpəli-fuqas döyüş başlığına sahibdir.
  • “Olxa-M” – atış uzaqlığı 130 km. 170 kq ağırlığında qəlpəli-fuqas döyüş başlığına sahibdir.
  • “Olxa-R” – atış uzaqlığı 200 km. Kaset tipli döyüş başlığına sahib olacaq.

Ukrayna müdafiə sənayesindəki mənbələr yaxın perspektivdə – 2025-ci ilədək “Olxa”nın 300 kilometrədək atış uzaqlığına malik modifikasiyasının yaradılmasının nəzərdə tutulduğunu və hazırda bu istiqamətdə çalışmaların (yeni naviqasiya sisteminin, mühərrikin və s. yaradılması) davam etdiyini bildirirlər.

Uzunluğu 7000 mm, çəkisi 800 kq təşkil edən “Olxa” raketinin kataloqda uçuş hündürlüyü 20000-40000 metr, sürəti təxminən 1000 m/saniyə olaraq göstərilir. 12 raketdən ibarət bir paketin buraxılışı 48 saniyə təşkil edir.

Raketin 250 kq ağırlığında unifikasiya edilmiş qəlpəli-fuqas, kaset və ya termobarik döyüş başlığı ilə təchiz edilməsi planlaşdırılır. Hazırda Ukrayna Ordusu üçün istehsal edilən variantda qəlpəli-fuqas döyüş başlığı nəzərdə tutulur. Digər qeyd edilən döyüş başlıqları isə yaradılma mərhələsindədir.

Uçuş trayektoriyasının başlanğıcında qazodinamik, son mərhələsində aerodinamik idarəetmədən istifadə edilən raketi uçuş prosesində sabitləşdirmək və yönəltmək məqsədi ilə burun hissədə kiçik impulslu 90 mühərrik yerləşdirilib. Mühərriklər millisaniyə ərzində işə düşərək bir neçə saniyə işlək vəziyyətdə olur. Uçuşun son mərhələsində aerodinamik sükanlar açılır və hədəfə yönəlmə təmin edilir. Uçuş prosesinə nəzarət edən mikroprosessor müxtəlif tənzimçilərdən gələn siqnalları emal edərək idarəetmə komandalarını formalaşdırır. Raketin hədəfə istiqamətlənməsi inersial naviqasiya və GPS siqnalları əsasında həyata keçirilir. Mütəxəssislərin sözlərinə görə, yalnız inersial naviqasiyadan istifadə edildikdə hədəfdən sapma orta hesabla 50 metr, GPS ilə korreksiya zamanı 7 metr təşkil edə bilər. “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun mütəxəssisləri sınaqlarda raketin hədəfə sıfır sapmayla düşməsinə dair çox sayda faktın qeydə alındığını iddia edirlər. Mediada yer alan məlumatlara görə, ilk vaxtlar “Olxa” raketində radiolokasiya başlığının, uçuş trayektoriyasının son mərhələsində hədəfə yönəlməni təmin edən lazer başlığın tətbiqi nəzərdə tutulsa da, meydana çıxan çətinliklərlə əlaqədar bu variantlar məqsədə uyğun sayılmayıb.

Mütəxəssislərin sözlərinə görə, “Olxa” idarə olunan rektiv raketlərin əsas üstünlüyü mövcud 9K58 “Smerç” YARS işəsalma qurğusundan atıla bilməsidir. Bu da “Smerç” YARS istifadə edən ordulara əlavə avantajlar verir. Yeni sursatların tətbiqi ilə əlaqədar mövcud “Smerç” YARS işəsalma qurğularının atəş-idarəetmə sisteminin müasirləşdirilməsinə ehtiyac duyulur. İstehsalçı müəssisə tərəfindən yaradılmış atəş-idarəetmə sistemi hədəf informasiyalarının emalı və işlənilməsi, raketin işə salınması və s. kimi prosesləri avtomatlaşdırılmış şəkildə qısa müddətdə həyata keçirir.

Digər mühüm üstünlük isə “Olxa”nın həm yerüstü, həm də dəniz hədəflərinə qarşı istifadəsinin mümkünlüyüdür. Artıq bir sıra ölkələrdən ciddi maraqların olması qısa müddətdə yeni sursatın ixracına ümidləri artırır.

Sahilə “Neptun” qoruması

“Luç” Kiyev Dövlət Konstruktor Bürosunun “Artyom” Dövlət Şirkəti ilə birlikdə hazırladığı R-360 “Neptun” gəmi əleyhinə qanadlı barədə ilk məlumatlr ictimaiyyətə 2015-ci ildə, real ölçülü maketi isə 2016-cı ilin yazında təqdim olunub.neptun 8

2016-cı ilin dekabr ayında “Luç” Kiyev Dövlət Konstruktor Bürosu ilə “Maşqidroprivod” MMC arasında “Neptun-TZM” indeksli nəqliyyat-yükləyici maşınının və “Neptun-TM SPU” unifikasiya edilmiş özüyeriyən işəsalma qurğusunun dizaynının və eksperimental nümunələrinin hazırlanmasına dair iki müqavilə imzalanıb. Layihə çərçivəsində “Neptun”un 4 raket konteynerindən ibarət işəsalma qurğusunun 8×8 təkər formuluna malik KrAZ-7634NE şassisində yerləşdirilmiş modeli ilk dəfə 2019-cu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş IDEX-2019 beynəlxalq müdafiə sərgisində nümayiş etdirilib. Qeyd edək ki, KrAZ-7634NE maşınının yükqaldırma qabiliyyəti 27 ton, mühərrikinin gücü 460 at qüvvəsi təşkil edir.

neptun 6

2018-ci ilin yanvar ayında Odessa yaxınlığındakı “Əlibəy” poliqonunda başlanan atış sınaqları 2018-ci il ərzində davam etdirilib. Cari ilin aprel ayının 5-də keçirilən sınaqlarda R-360A indeksi verilmiş raket tələb edilən marşrut üzrə hərəkət edərək hədəfləri vurmağı bacarıb. Daha sonra – cari ilin may və noyabr aylarında keçirilmiş sınaqların uğurla nəticələndiyini bəyan edən “Luç” Kiyev Dövlət Konstruktor Bürosu yaradılma və sınaq mərhələsinin başa çatdığını, hazırda raketin texniki-taktiki xüsusiyyətlərinin təkmilləşdirilməsi və silahlanmaya qəbulu məsələlərinin nəzərdən keçirildiyini açıqlayıb.

Noyabrın 28-də JK-360MS kompleksindən R-360 “Neptun” raketi ilə keçirilmiş dövlət sınaqlarında raket ilk dəfə verilmiş marşrut üzrə 250 km-dən çox uzağa uçuş edib. “Luç” Kiyev Dövlət Konstruktor Bürosunun baş direktoru Oleq Korostelevin sözlərinə görə, sınaqların növbəti mərhələsində R-360 raketinin döyüş qabiliyyəti yoxlanılacaq.

“Neptun”un bir batareyasına aşağıdakılar daxildir:

  • Bir ədəd komanda-idarəetmə maşını;
  • KrAZ-7634NE şassisində 4 ədəd özüyeriyən işəsalma qurğusu;
  • 6×6 təkər formuluna malik KrAZ şassisində yükləyici maşın;
  • Yedək maşını;
  • R-360 “Neptun” gəmi əleyhinə qanadlı raketlər.

Rusiyalı ekspertlər “Neptun”un keçmiş sovet X-35 “Uran” gəmi əleyhinə raketin əsasında hazırlandığı iddia etsələr də, istehsalçı müəssisə rəsmiləri bu iddianı təkzib edirlər. Açıqlanan taktiki-texniki xüsusiyyətlərinə görə, “Neptun”un X-35-dən əhəmiyyətli dərəcədə fərqləndiyini görmək mümkündür. “Ukroboronprom” mütəxəssislərinin sözlərinə görə, aviakerosinlə işləyən “Neptun” raketinin hazırlanmasında müasir yanaşmalar və yeni nəsil texnologiyalardan istifadə edilib. Raketin uçuş uzaqlığı 300 km təşkil edir ki, bu da X-35-in 2003-cü ildə silahlanmaya qəbul edilmiş birinci modifikasiyasından 170 km, 2015-ci ildə silahlanmaya qəbul edilmiş X-35U modifikasiyasından isə 40 km çoxdur. Dəqiqliyi və manevr imkanları artırılmış “Neptun” 5000 tona qədər su basımına malik hərbi gəmiləri batırmaq üçün istifadə oluna bilər. Bunun üçün raket yüksək partlayış gücünə malik 150 kq ağırlığında döyüş başlığına sahibdir.

Çəkisi 800 kq, qanad açıqlığı 1.33 metr, uzunluğu 5.05 metr təşkil edən “Neptun” TRDD MC-400 mühərriki ilə təchiz olunub və sürəti 0.8-0.85 Mach təşkil edir.

neptun 3

Raket marş prosesində inersial və GPS naviqasiyasından, uçuşun son mərhələsində isə avtomatik özüttuşlanan radiolokasiya başlığından istifadə edərək hədəfə yönəlir. Avtomatik özütuşlanan radiolokasiya başlığı Ukraynanın “Radioniks” şirkəti tərəfindən hazırlanır.

Startdan sonra 10-300 metr, son mərhələdə isə dəniz səthindən 3-10 metr yüksəklikdə uçuş etməsi raketin aşkarlanmasını çətinləşdirir. Sınaqlar zamanı raket uçuş trayektoriyasında 180 dərəcə bucaq altında dönmə edərək əks istiqamətdəki hədəfi dəqiqliklə vurduğu qeyd olunur.

Jurnalımıza danışan “Ukroboronprom” rəsmilərinin sözlərinə görə, R-360 “Neptun” raketi tək dəniz hədəflərinə deyil, eləcə də yerüstü hədəflərə qarşı da istifadə oluna bilər. Hazırda layihə üzrə raketin JK-360MS kompleksindən istifadə edilməklə yerüstü hədəflərə qarşı tətbiqi, həmçinin gəmilərə bazalaşdırılması imkanları nəzərdən keçirilir. Yaradılan JK-360MS “Neptun” sisteminin Rusiyanın “Bal” sahil mühafizə raket kompleksinin əsas rəqibi olacağı proqnozlaşdırılır.

Abbas Əliyev

CATEGORIES
TAGS