Vətən müharibəsində istifadə olunan yerli silahlar

Vətən müharibəsində istifadə olunan yerli silahlar

2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan Vətən müharibəsində yüksək texnologiyalı silah sistemlərinin uğurlu tədbiqi hərbi əməliyyatların taleyinin qısa müddətdə həllinə imkan vermişdir. 44 gün davam edən döyüş əməliyyatlarında Azərbaycan Ordusu sərəncamındakı müasir silah sistemlərindən, o cümlədən idarə olunan raketlər və pilotsuz uçuş aparatlarından uğurla və koordinasiyalı şəkildə istifadə etmişdir. Əməliyyatlarda Azərbaycanın hərbi sənayesinin istehsalı olan bir sıra silah və texnikalar da aktiv istifadə olunmuşdur. Bu yazımızda “Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan Vətən müharibəsində Azərbaycan əsgərinə zəfər qazandıran yerli silahlarımızdan bəhs edəcəyik.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi-texniki əmlaklarla təchizatının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyindəki birlik və müəssisələr tərəfindən hazırda 1000-dən çox adda hərbi təyinatlı məhsullar istehsal edilir, Azərbaycan ordusu həmin məhsullarla təchiz olunur.

Müdafiə sənayesi naziri Mədət Quliyev KİV-ə müsahibəsində bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal edilən müasir silah və sursatlar, hərbi texnika Qarabağın azadlığı uğrunda apardığımız Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi: “Gərgin döyüşlərin getdiyi dövrdə silahlı qüvvələrimizi zəruri silah-sursat və texnika ilə vaxtında təmin etmək üçün nazirliyin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıb. Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılıb”.

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin ötən müddət ərzində istehsalı mənimsənilmiş məmulatlardan “Matador” və “Marauder” zirehli döyüş maşınları, BTR-70 (təkmilləşdirilir) və BRDM-2 (təkmilləşdirilir) transportyorlarını, “Mübariz”, “İstiqlal”, “Yalquzaq” və sair snayper tüfənglərini, AK-74M, AZ-7,62 və NATO standartlarına uyğun avtomatları, müxtəlif növ tapançaları, minaatanları, qumbaraatanları və onların atəş yığımlarını, optik cihazları, minaları, aviasiya bombalarını, “Orbiter-2M”, “Orbiter-2B”, “Orbiter-3B” və mini “Orbiter-4”, “Aerostar-BP” taktiki və “Zərbə” tipli kamikadze pilotsuz uçuş aparatlarını göstərmək olar.

Artilleriya silahları

Vətən müharibəsindən əvvəl müasirləşdirmə proqramı çərçivəsində Azərbaycanın Raket-Artilleriya Qoşunlarının potensialı artırılıb. Bu proqram çərçivəsində qoşunların yeni silah sistemləri ilə təchiz edilməsi üçün mühüm addımlar atılmış, texnika parkı 80 faizə yaxın yenilənmişdir. Raket-Artilleriya Qoşunlarının modernləşdirliməsi prosesi tək yeni döyüş texnikalarının satın alınması ilə deyil, qoşunların təşkilatı-ştat struktrunun təkmilləşdirilməsi, kadr hazırlığı, mövcud silahların müasirləşdirilməsi daxil olmaqla kompleks şəkildə aparılmışdır. Özüyeriyən haubitsa və YARS heyətləri tam şəkildə müqavilə əsasında orduya cəlb olunan peşəkar heyətlərdən formalaşdırılmışdır. Raket-Artilleriya Qoşunlarının silahlanmasında xaricdən alınan silahlarla yanaşı Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin müəssislərində istehsal olunan artilleriya vasitələri və döyüş sursatları yer alır.

Gərgin döyüşlər zamanı ordu birləşmələrinin silahlanmasında olan artilleriya sistemləri üçün istehsal olunan ehtiyat hissələri qoşunların təmir bölmələri tərəfindən döyüş fəaliyyətləri zamanı 122 mm-lik D-30 (D-30A) haubitsalarının, 152 mm-lik D-20 top-haubitsalarının, 100 mm-lik MT-12, 130 mm-lik M-46, 152 mm-lik 2A36 və 85 mm-lik D-44 toplarının təmirində istifadə edilmişdir.

Minaatanlar

d1d1271c9b25a21fb6d80572fbb8c897

MSN tərəfindən istehsal edilmiş müxtəlif çaplı minaatanlar praktiki olaraq döyüşlərdə istifadə edilmiş və özünü sübuta yetirmişdir. Yerli istehsal olan 60 mm-lik 20N6MT “Commando”, ikilitəyinatlı 20N6M “Aşırım-6” və 82 mm 20N5 “Aşırım-5” daşınan, həmçinin 120 mm 2B11 “Sani” yedəyə alınan minaatanları ordu və digər silahlı birləşmələrin silahlanmasına daxil edilmişdir.

60 mm-lik ikili təyinatlı 20N6M “Aşırım-6” minaatanının standart versiyasının atəş məsafəsi 2500 metr, “Commando” versiyasının 1600 metr; kütləsi: standart versiyanın 18 kq, “Commando” versiyasının isə 9 kiloqramdır.

Artırılmış mənzilə malik 82 mm-lik 20N5 “Aşırım-5” minaatanının atəş məsafəsi 5400 metr, minanın başlanğıc sürəti saniyədə  220 metr, uzunluğu 1100 mm, kütləsi 47 kq və heyəti 4 nəfərdir.

2B11 “Sani” minaatanların atəş məsafəsi maksimal 7100 metr və minimmal 480 metrdir. Atış sürəti dəqiqədə 15 ədədə qədərdir.

Qumbaraatanlar

44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu müasir silahların tədbiqilə Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etmişdir. Bu hərbi əməliyyyatlarda müxtəlif növ qumbaraatanlar, o cümlədən Azərbaycanın yerli istehsalı olan və Milli Ordunun silahlanmasında yer alan RBG-40 (indeksi 6M11) revolver tipli əl qumbaraatanı, AQK-30 avtomatik qumbaraatan kompleksi və RPQ-7V2 tank əleyhinə əl qubaraatanları real döyüşlərdə uğurla tətbiq edilmişdir.

Rgb40×46 mm çaplı qumbaralarla atəş açan RBG-40 qumbaraatanının çəkisi 5.9 kq, uzunluğu qundaq açıq halda 800 mm, lüləsinin uzunluğu 300 mm, atəş məsafəsi 375 metr, qumbaranın başlanğıc sürəti saniyədə 76 metr təşkil edir.

MSN-in “Aqreqat” İstehsalat Birliyinin müəssisəsində istehsal edilən 30 mm-lik AQK-30 təkmilləşdirilmiş avtomatik qumbaraatan kompleksi düşmənin 2100 m-ə qədər məsafədə yerləşən canlı qüvvəsini və atəş vasitələrini məhv etmək qabiliyyətinə sahibdir. Dəzgah üzərində quraşdırılan qumbaraatandan xüsusi hazırlanmış səngər, yarımsəngər və ya atəş üçün əlverişli olan digər mövqelərdən atəş açmaq mümkündür. Qumbaraatanın çapı 30 mm, uzunluğu 1173 mm, çəkisi 18,5 kq, lent qutusunun tutumu 29 qumbara, nişangah atəş məsafəsi 2100 m, qumbaranın başlanğıc sürəti saniyədə 185 metrdir. AQS-30 qumbaraatanından gücləndirilmiş təhlükəsizliyinə görə fərqlənən silahın üzərinə optik nişangahların quraşdırılması üçün NATO-nun MİL-STD-1913 standartına uyğun Picatinny rail tipli  tamasa əlavə olunmuşdur.

QayaVətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları tərəfindən real döyüş şəraitində tətbiq edilən 40 mm-lik RPQ-7V2 (TƏQ-7V2) tipli tank əleyhinə əl qumbaraatanının uzunluğu 953,5 mm, kütləsi (ikiayaq, QON-1 optik nişangahı, NQ-7V nişangah qurğusu, daşıma qayışı və qayışlı örtüklər olmadan) 6,160 kq-dır.

Nişangah məsafəsi PQ-7B, PQ-7BM, PQ-7BC, PQ-7BC1 tipli atəş yığmaları üçün 500 m, PQ-7BPL tipli atəş yığımı üçün 300 m, PQ-7BP, TBQ-7B tipli atəş yığımları üçün 200 m, NQ-7V nişangah qurğusundan istifadə etməklə TBQ-7B tipli atəş yığımı üçün 700 metr, atış tezliyi dəqiqədə 4-6 mərmidir.

Qeyd edək ki, MSN-in “Cihaz” İstehsalat Birliyi tərəfindən istehsal edilən RPQ-7V2 qumbaraatanları Azərbaycan Ordusu ilə yanaşı Türkiyə və digər ölkələrə də ixrac olunmuşdur.

Atıcı silahlar

Qumbaraatanlarla yanaşı MSN-in müəssisələrində istehsal edilən digər müxtəlif atıcı silahlar, o cümlədən tapança, avtomat, pulemyot və snayper tüfəngləri Azərbaycan Ordusunun silahlanmsında yer almışdır və 44 günlük Vətən müharibədə geniş istifadə edilmişdir. Bunlardan xüsusilə İST-14.5 “İstiqlal”, İST-12.7 “Mübariz”, NST-14.5 və “Yalquzaq” snayper tüfənglərini, həmçinin “Zəfər”, “Zəfər-K” və “İnam” tapançalarını, AK-74M və AZ-50 avtomatlarını, HP-7.62 hücum pulemyotu və UP-7.62 universal pulemyotunu göstərmək olar.

Snayper tüfəngləri

istiqlalAzərbaycan silah sənayesinin debütü sayılan İST-14.5 “İstiqlal” snayper tüfəngi 14.5×114 mm çaplı patronlardan istifadə edir və özünün imkanlarına görə iriçaplı snayper tüfənglər arasında ilk yerlərdə qərarlaşır. Azərbaycan Ordusu tərəfindən döyüşlərdə aktiv istifadə olunan bu silah düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsində, sığınacaqlarının dağıdılmasında istifadə olunmuşdur. Yarımavtomatik iş rejiminə malik “İstiqlal”ın təkmilləşdirilmiş “İstiqlal-T” modelinin kütləsi 28 kq, başlanğıc sürəti: B-32 tipli güllənin saniyədə 945-990 metr, MDZ tipli güllənin isə saniyədə 1015 metr, nişangah məsafəsi 2000 metr, uzunluğu 2256 mm, lüləsinin uzunluğu 1300 mm-dir. 5 patron tutumlu maqazinlə dəstləşdirilən silah ikiayaq-mahmıza (bipoda) və arxa dayağa (monopoda) sahibdir. Snayper tüfəngi iki hissəyə ayrılmaqla daşınır.

mubariz keskin nisanci tufegiMSN mühəndisləri tərəfindən ilk nümunəsi 2011-ci ildə təqdim edilən 12.7×108 mm İST-12.7 “Mübariz” snayper tüfəngi ətraf mühitin ±50 OC temperaturlarında, 93-97% nisbi rütubətdə istifadə oluna bilir. 7 patron tutumlu maqazinlə dəstləşdirilən “Mübariz”in çəkisi 16 kq, uzunluğu 1800 mm, lüləsinin uzunluğu isə 1100 mm-dir. Yarıavtomatik iş prinsipinə malik silah ikiayaq-mahmıza (bipoda) və arxa dayağa (monopoda) sahibdir. Optik nişangahla atış məsafəsi 2000 metr təşkil edən snayper tüfəngindən B-32 tipli patronlardan istifadə etməklə 100 metr məsafədən 20 mm qalınlığında zireh lövhəsini dəlmək mümkündür. Snayper tüfəngi 6-24×56 teleskopik nişangahla, eləcə də müxtəlif termal nişangahlarla dəstləşdirilir.

Əsasən Xüsusi Təyinatlı Qüvvələrin istifadəsində yer alan 14,5 mm-lik NST-14.5 snayper tüfənginin çəkisi 21 kq, uzunluğu 1900 mm, qundağı yığıldıqda isə 1600 mm təşkil edir. MSN-in müəssisəsində istehsal edilmiş NST-14.5 snayper tüfəngi 4 patron tutumlu maqazinə və əllə tək-tək doldurulma (bolt action) iş prinsipinə malikdir. Nişangah məsafəsi 1600 metr təşkil edən NST-14.5 tüfəngində sola qatlanan və hündürlüyü tənzimlənən qundaq və xüsusi olaraq hazırlanmış lüləağzı əyləc tətbiq edilmişdir. Snayper tüfəngi yaxşılaşdırılmış erqonomikaya sahibdir. NST-14.5 snayper tüfəngi öz quruluşuna və konstruksiyasına görə MSN-in həm “İstiqlal”, həm də “Yalquzaq” silah xəttindən fərqlənir və konstruktiv cəhətdən olaraq “Truvelo” şirkətinin 14.5 mm çaplı CMS snayper tüfənginə bənzəyir.

yalquzaqAzərbaycan Ordusunun silahlanmasında yer alan, Vətən müharibəsində yüksək dəqiqlik göstərən “Yalquzaq” snayper tüfəngi xarici analoqları ilə müqayisədə bir çox üstünlüklərə malikdir. 7.62×51 mm “Yalquzaq” snayper tüfəngi bolt action iş prinsipinə malikdir. “Yalquzaq” snayper tüfəngi müxtəlif hava şəraitində istismar oluna bilir. Daşınma rahatlığı və erqonomikası baxımından “Yalquzaq” snayper tüfəngi xüsusi təyinatlılar və hava-desant qoşunları üçün ideal seçim hesab olunur. Snayper tüfəngində Azərbaycan hərbi sənayesində ilk dəfə olaraq tətiyin tənzimlənməsi mexanizmi tətbiq edilmişdir ki, nəticədə tətik mexanizminin sərtliyini, gediş məsafəsini atıcının rahatlığı üçün öncədən nizamlamağa imkan əldə olunmuşdur. Snayper tüfəngi 1000 m məsafədə sərrast atışın aparılmasını təmin edir.

Pulemyotlar

Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən yaradılmış 7,62×54 mm çaplı HP-7.62 hücum pulemyotu qısa məsafəli döyüşdə düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub. HP-7.62 pulemyotu Azərbaycan Ordusunun xüsusi təyinatlı bölmələrinin silahlanmasına 2018-ci ildə daxil edilib. İkinci Qarabağ Müharibəsində aktiv istifadə edilən HP-7.62 hücum pulemyotundan atəş mahmızdan və ya müxtəlif konstruksiyalı üçayaqlı dəzgahlardan və döyüş maşınlarında quraşdırılan turellərdən aparıla bilər. HP AD 01Pulemyotun konstruksiyasında lülə üzərində bərkidilən istilikyayıcı sipər, yeni növ mahmız, yanağı və çiyinliyi olan teleskopik qundaq və lülə yatağı tətbiq olunmuşdur. Lülə yatağının alt və yan tərəflərində, eyni zamanda lülə qutusunun qapağı üzərində yerləşən NATO-nun MİL-STD-1913 standartına uyğun Picatinny rail  tamasası müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin pulemyotun döyüş imkanlarını artıran taktiki fənərinin, əlavə əl dəstəyinin, lazer hədəfgöstəricinin və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir. Atəş zamanı patronlar pulemyotun qəbuledicisinə tutumu 100 və 200 patron olan səpələnməyən metal lent vasitəsilə ötürülür. Patron lentləri müxtəlif tutumlu lent qutularına yığılır. Pulemyotdan atəş aparmaq üçün 7.62×54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur. HP-7.62 hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atəş tezliyi dəqiqədə 650 atəş, döyüş atəş tezliyi dəqiqədə 250 atəş, kütləsi isə 8,6 kiloqramdır. Hücum pulemyotu istənilən hava şəraitində ətraf mühitin ±50ºC temperatur diapazonunda istismar oluna bilər.

MSN istehsalı olan 7.62×54 mm çaplı UP-7.62 universal pulemyot ümumqoşun istifadəsi üçün hazırlanıb. 100 və 200 patron tutumlu sandıqçaya malik UP-7.62 “Kalaşnikov” pulemyotunun təkmilləşdirilmiş formasıdır. Optik nişangah sistemləri yerləşdirmək üçün xüsusi relslə təchiz olunub. Dəqiqədə 650 atəş imkanına malik UP-7.62 pulemyotunun kütləsi 7,8 kq-dır. Optik nişangahın köməyi ilə 1500 metr məsafədə hədəfləri məhv etmək mümkündür. Pulemyotdan atəş aparmaqdan ötrü HP-7.62 pulemyotunda tətbiq edilən 7,62×54 mm çaplı patronlardan istifadə olunur.

Avtomat

Region dövlətləri dünyanın aparıcı istehsalçılarından satınalmalarla yanaşı özlərinin milli istehsallarını da yaratmaq istiqamətində fəal çalışırlar. Bu çərçivədə Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətləri xüsusi diqqət kəsb edir. 2010-cu ildə Rusiyanın “Kalaşnikov” Konserni ilə 120 min ədəd 5.45×39 mm AK-74M avtomatının 10 il ərzində lisenziya əsasında istehsalına dair müqavilə bağlayan MSN-in “Şərq” İstehsalat Birliyi ötən dövrdə Azərbaycan Ordusu və digər güc strukturları üçün avtomatın seriyalı istehsalını təşkil etmişdir. 2015-ci ildə müəssisənin mütəxəssisləri tərəfindən yaradılmış 5.56×45 mm EM-14 avtomatının sifariş üzrə respublikanın bir neçə güc struktruna tədarükü həyata keçirilmişdir.db41cb39b3bf817ff9245bcc805df696

Yeni avtomatın yaradılması istiqamətində fəaliyyətləri davam etdirən MSN 2018-ci ilin sentyabr ayında Bakıda keçirilmiş ADEX-2018 sərgisində 7.62×39 mm çaplı AZ-50 avtomatını ilk dəfə təqdim etmişdir. Boş halda çəkisi 3.6 kq, nişangah məsafəsi isə 1000 metr təşkil edən AZ-50 avtomatı AKM avtomatının konstruksiyası əsasında yaradılsa da “Kalaşnikov” avtomatından bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Əsas fərqlərdən biri silahın uzunluğu tənzimlənən 6 pilləli teleskopik qundağa və dünyada ilk dəfə olaraq 50 patron tutumlu maqazinə malik olmasıdır. 50 patron tutumlu maqazin xüsusi daxili konstruksiyaya malikdir ki, bu da atış zamanı maqazində patronun ilişib qalmasının qarşısını alır. Avtomat maqazininin dəyişilməsi ilə əlaqədar avtomatın işçi mexanizmlərində də dəyişiklik edilmiş və silahın dayanıqlılığı artırılmışdır. Silahın lülə qutusunun üzərində döyüş zamanı müxtəlif aksesuarların taxılmasına imkan verən NATO-nun MİL-STD-1913 standartına uyğun Picatinny rail tipli tamasa nəzərdə tutulmuşdur.

9 mm-lik “Zəfər”, “Zəfər-K” və “İnam” tapançaları döymə və tökmə poladı, yüngül metalları, polimer hissə və detalları özündə birləşdirir. MSN müəssisəsində istehsal edilən bu tapançalar Azərbaycan Müdafiə Nazirliyinin heyət (tabel) silahı olaraq seçilib və Vətən müharibəsində yaxın məsafəli döyüşlərdə effektiv tətbiq edilib. Ordu mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. MSN-in istehsal etdiyi bütün seriyalı tapançalar 9×19 mm “Luger/Parabellum” patronlarından istifadə edir. Tapançanın avtomatik yüklənməsi, lülənin qısa geri təpməsinə əsasən qurulub, lülənin kilidləməsi və açılması isə ənənəvi üsulla yerinə yetirilir. Tətikdən istifadə edərək özünüyükləmə mexanizmindən istifadə edilir. Tapançanın nişangahı açıq tiplıdir, o iki mövqedə tənzimlənən arxa hədəf kəsiyindən və tənzimlənməyən ön arpacıqdan ibarətdir. “Zəfər”, “Zəfər-K” və “İnam” tapançalarının Pikatiny lövhəsindən istifadə edərək, onun üzərinə taktiki fənər və lazer göstəricisi quraşdırmaq mümkündür.Без названия 2

“Zəfər”in daraq tutumu 15/20 mərmi, atəş məsafəsi 75 metr, güllənin sürəti isə saniyədə 350 metrdir. Tapançanın boş kütləsi 950 qram, uzunluğu 204.5 mm, lüləsinin uzunluğu 117 mm-dir. “Zəfər K” tapançasının daraq tutumu 15 mərmi, atəş məsafəsi 50 metr, güllənin sürəti isə saniyədə 340 metrdir. Boş kütləsi 940 qram, uzunluğu 190 mm, lüləsinin uzunluğu 105 mm-dir. “İnam”ın daraq tutumu 15,17,20 mərmi (sifarişlə), atəş məsafəsi 50 metr, güllənin sürəti isə saniyədə 340 metrdir. Silahın boş kütləsi 860 qram, uzunluğu 191 mm, lüləsinin uzunluğu 110 mm-dir.

Döyüş sursatları

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətə başladığı ilk dövrdən etibarən əsas diqqət yönəltdiyi sahələrdən biri də döyüş sursatlarının istehsalıdır. Silahlı Qüvvələrin və digər güc strukturlarının ehtiyaclarının yerli imkanlar hesabına qarşılanması məqsədi ilə Nazirlik tərəfindən müxtəlif layihələr həyata keçirilir. Silahlı Qüvvələrin ehtiyac duyulan kiçik, orta və iri çaplı döyüş sursatları ilə təchizatının tam şəkildə yerli istehsal hesabına qarşılanması MSN-in prioritetlərindəndir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov 2018-ci ildə POLİQON (AZERİ DEFENCE) jurnalına verdiyi müsahibəsində bildirib ki, Müdafiə Sənayesi Nazirliyi Ordunun ehtiyac duyduğu silah və sursatlarla təmin edir: “Yerli istehsal olan silahlardan istifadə edirik. Mərmilər, patronlar, ehtiyat hissələri, avadanlıqların müəyyən hissələri ilə daima qoşunları döyüş

vəziyyətində saxlamağa yardımçı olurlar. Ən mühümü, MSN bizi sursatla tam şəkildə təmin edir. Bu çox önəmli məsələdir. Çünki orduda ən çox istehlak edilən də məhz sursatdır”.

MSN yarandığı ilk illərdə kiçik çaplı döyüş sursatları və minaatanlar üçün sursatlara diqqəti yönəltdiyi halda hazırda iriçaplı atıcı silahlar üçün sursatların istehsalı, artilleriya və tank mərmilərinin istehsalı, aviasiya döyüş sursatlarının istehsalı, yaylım atəşli reaktiv və raket sistemlərinin istehsalı istiqamətlərində fəaliyyətlərin yürüdüldüyünü görmək olur.

MRS6048

Təqdimatlardan məlum olduğu qədər hazırda MSN-nin müəssisələrində demək olar ki, bütün növ atıcı silahlar üçün döyüş sursatları istehsal olunmaqdadır. Bunlardan Silahlı Qüvvələrin istismarında yer alan 9×18, 9×19 mm tapança, 5.45×39, 7.62×39 mm döyüş, təlim, izburaxan avtomat patronlarının, 7.62×54 mm, 7.62×51 mm pulemyotlar üçün patronların istehsalı davam etdiilir. Bundan başqa, MSN müəssisələrində iriçaplı pulemyotlar üçün 12.7×108 mm BZT-44, B-32, 14.5×114 mm BZT-44, B-32, eləcə də .50 BMG (12.7x99mm) patronlar istehsal olunur.

Qumbaraların və pirotexnik vasitələrin istehsalı sahəsində də layihələr reallaşdıran MSN bu istiqamətdə həm də ordunun tələblərini qarşılamağa nail olub. Hazırda MSN müəssisələrində müxtəlif rəngli 26 və 30 mm-lik siqnal patronlarının,UZRQM-2 partladıcısı ilə dəstləşdirilmiş RQO, RQN, RQD-5 hücum və müdafiə əl qumbaralarının, NATO standartlı 40×46 mm M99 qumbaralarının, sovet standartlı QP-25 və QP-30 lüləaltı qumbaraatanlar üçün 40 mm VOQ-25 və VOQ-25P, 40 mm-lik RPQ-7 qumbaraatanları üçün 5 növ (təlim, qəlpələnən, kumulyativ, kumulyativ-tandem və termobarik) döyüş sursatlarının, AQS-17/AQS-30 və “Arcus-17AGL” qumbaraatanları üçün 30×29 mm çaplı VOQ-17M güclü partlayış imkanına malik döyüş, VUS-17 və VOQ-17M İN tipli praktiki sursatların, həmçinin zirehli texnikalar üçün maskalanma vasitəsi olan 901 “Tuça” tipli buraxma qurğularının və 81 mm-lik 3D6 tüstü qumbaralarının seriyalı istehsalı həyata keçirilir.

Azərbaycan Ordusunun ehtiyaclarını qarşılamaq məqsədilə MSN eyni zamanda minaatanlar üçün artırılmış mənzilə sahib minaların da istehsalını gerçəkləşdirməkdədir. Azərbaycan müəssisələrində istehsal olunan 60 mm-lik minaların maksimal atəş məsafəsi 3200-4000 metr, 82 mm-lik minaların atəş məsafəsi 4500 metr təşkil edir. Bundan başqa müəssisələrdə atış məsafəsi 7100 metr təşkil olan 120 mm-lik minalar istehsal olunmaqdadır.

Aviasiya bombaları

MRS5897Azərbaycan Ordusu döyüşlərdə MSN-in Elmi Tədqiqat İnstitutunda hazırlanan 25 kq-lıq QFAB-25, 50 kq-lıq QFAB-50, 100 kq-lıq QFAB-100, 250 kq-lıq QFAB-250 qəlpəli-fuqas və 250 kq-lıq BETAB-250 sərbəstdüşən betondələn aviasiya bombalarından uğurla istifadə etmişdir.

QFAB-25 aviasiya bombaları təyyarələrdən, helikopterlərdən və pilotsuz aparatlardan atıla bilir. Tərkibində 7.4 kq partlayıcı maddə yerləşən və 500 metr yüksəklikdən atılan bombadan partlayış zamanı ətrafa 2000 qəlpə səpələnir.

QFAB-50 qəlpəli-fuqas aviasiya bombasında isə 23 kq partlayıcı maddə yerləşdirilib. Partlayış zamanı QFAB-50 ətrafa 3500-dən 9000-dək qəlpə yayılır ki, bu qəlpələrin də sürəti saniyədə 1500-2000 metr təşkil edir.

Tərkibində 51 kq partlayıcı maddə olan QFAB-100 aviasiya bombasından partlayış zamanı ətrafa 15000-dək,     87 kq partlayıcıya malik QFAB-250 bombasından 20000-dək qəlpə yayılır. Bu göstəricilərinə görə, Azərbaycan istehsalı olan qəlpəli-fuqas aviasiya bombaları xarici analoqlarını üstələyir. Qəlpələr hazır şəkildə bombaların daxilinə yerləşdirilir ki, bu da Azərbaycan istehsalı olan bombalarda tətbiq olunan özəlliklərdəndir.

Ilham Aliyev viewed 3rd Azerbaijan International Defense Exhibition ADEX 2018 35MSN-in Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin ASELSAN şirkətinin birgə hazırladığı layihə əsasında lazer tuşlamalı, 250 kq-lıq QFAB-250 LG qəlpəli-fuqas aviasiya bombası ilk dəfə Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində, real döyüş şəraitində uğurla tətbiq edilmişdir. Yeni QFAB-250 LG aviasiya bombası NATO standartlarına cavab verməklə düşmənin canlı qüvvəsini və digər hədəflərini anında məhv etmək üçün təyin edilmişdir. QFAB-250 LG qəlpəli-fuqas aviasiya bombası qırıcı-bombardmançı təyyarələrdən tətbiq edilməkdən ötrü nəzərdə tutulmuşdur və çox yüksək dəqiqliyə malikdir. Bombanın idarəetmə sisteminin iş prinsipi hədəfin güclü lazer işarələyici (hədəfgöstərici) vasitəsilə işıqlandırılmasına əsaslanır. Bomba daşıyıcı-təyyarədən atıldıqdan sonra ön hissəsindəki başlıq vasitəsilə hədəf tutulur və məhv edilir. Bombanın döyüş hissəsi qəlpəli-fuqaslıdır və təsir radiusu yüz metrdən çoxdur. Eyni zamanda fəaliyyət məsafəsinin artırılması məqsədi ilə yeni məmulatda əlavə olaraq bərk yanacaqlı reaktiv mühərrik də nəzərdə tutulub. QFAB-250 LG aviasiya bombasının uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kq, atılma hündürlüyü 12000 metr, dairəvi sapma ehtimalı 10 metr təşkil edir.

Ordunun əsas istehlak etdiyi məhsul olan döyüş sursatlarının yerli müəssisələr hesabına qarşılanması vacib addım olmaqla bərabər, ölkənin xaricdən hərbi asıllığının aradan qaldırılmasında mühüm rol oynayır.

Pilotsuz uçuş aparatları

Vətən müharibəsində Azərbaycan Ordusu pilotsuz uçuş aparatlarından (PUA) geniş istifadə etmişdir. Kəşfiyyat, kəşfiyyat-zərbə və kamikadze PUA-ların şəbəkə halında tətbiqi, eyni zamanda artilleriya bölmələri ilə qarşılıqlı əlaqəli istifadəsi qısa zamanda öz effektini vermiş, düşmənin cəbhənin ön xəttində və dərinliyindəki hərbi texnikaları, artilleriya sistemləri, tankları, zenit-raket kompleksləri və sursat anbarları məhv edilmişdir. Döyüşlərdə Azərbaycan Ordusu tərəfindən yerli istehsal olan “Aerostar” tipli taktiki, “Orbiter-3” tipli mini taktiki, “Orbiter-2” tipli mini kəşfiyyat pilotsuz uçuş aparatlarından, “Zərbə” kamikadze və “İti qovan” dronlarından aktiv istifadə olunmuşdur. Azərbaycan Ordusuna məxsus kamikadze PUA-ları düşmənin hərbi texnikası, canlı qüvvəsi və hərbi obyektlərinin vurulmasında istifadə olunması Azərbaycanın Müdafiə Nazirliyinin yayımladığı videoçarxlarda da aydın şəkildə görünür.

PUUA

Azərbaycan Ordusu döyüşlərin gedişatında müşahidə, nəzarət, artilleriya atəşinin və “gəzən sursat”ların idarə olunmasında əsasən “Orbiter-2” və “Orbiter-3” tipli PUA-lardan istifadə etmişdir. Qeyd olunan PUA-lar 2014-2016-cı illərdə cəbhədə lokal döyüşlərdə, eləcə də sonrakı illərdə geniş istifadə olunmuşdur. Dünyada qəbul edilmiş, müasir PUA sənayesinin nümunələrindən olan “Orbiter-2” və “Orbiter-3” PUA-ları Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə İsrailin “Aeronautics Defense Systems” şirkətinin birgə müəssisəsi tərəfindən istehsal edilir.

Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə nümayiş etdirilən görüntülərdən aydın olduğu qədər Azərbaycan Ordusu əsasən yerli istehsal olan “Zərbə” kamikadze PUA-larından döyüşlərdə ilk dəfə geniş istifadə etmişdir. Videoçarxların təhlilləri göstərir ki, Azərbaycan tərəfi Türkiyənin Suriyada “Bahar qalxanı” əməliyyatının təcrübəsindən çıxış edərək kamikadze PUA-larını kəşfiyyat PUA-ları (“Orbiter 2” və “Orbiter 3”) ilə koordinasiyalı şəkildə istifadə etməyə çalışıb. Kəşfiyyat PUA ilə cəbhənin operativ dərinliyindəki düşmən hədəfləri aşkarlandıqdan sonra kamikadze PUA-lar hədəfə yönləndirilmişdir. Hədəflər həm kamikadze, həm də kəşfiyyat PUA vasitəsi ilə son anadək izlənilmiş və vurulma prosesi anbaan qeydə alınmışdır.

İsrailin “Aeronautics Defense Systems” şirkətinin “Orbiter 1K” gəzən sursatın əsasında yaradılmış və birgə müəssisədə istehsal edilən “Zərbə” kamikadze PUA 1.5 kiloqramadək döyüş başlığı daşıyır. Canlı qüvvənin və zirehsiz nəqliyyat vasitələrinin məhv edilməsi üçün nəzərdə tutulan “Zərbə” ilk dəfə praktik döyüş şəraitində sınaqdan çıxarılmışdır. Uçuş tavanı 5500 metr, döyüş radiusu 50 km təşkil edən “Zərbə”nin maksimal sürəti 140 km/saat, uçuş müddəti 3 saata yaxındır.

Hazırda istehsal müəssisəsində “Orbiter-2” tipli mini, “Orbiter-3” tipli mini taktiki və “Aerostar” tipli taktiki PUA-ların, həmçinin “Zərbə” kamikadze PUA-nın, habelə PUA-ların yer idarəetmə stansiyalarının seriyalı istehsalını həyata keçirilir.

Azərbaycan Ordusunun inventarında yer alan “Aerostar” taktiki PUA-lar kəşfiyyat, nəzarət və hədəflərin müəyyənləşdirilməsi daxil olmaqla çoxfunksiyalı PUA-lar sinfinə daxildir. “Controp” şirkətinin istehsalı olan T-STAMP faydalı yükü ilə təchiz olunan PUA-da sifarişdən asılı olaraq SAR radarı, siqnal kəşfiyyat (SIGINT) və radioelektron kəşfiyyat (ELINT) sistemləri quraşdırıla bilər. MSN-nin kataloq məlumatlarına görə, “Aerostar” taktiki PUA-larının qanad açıqlığı 8,7 metr, uzunluğu 4,7 metr, çəkisi 230 kq, faydalı yükü 50 kiloqram, döyüş radiusu 250 km, havada qalma müddəti 12 saat, maksimum uçuş tavanı 5486 metr təşkil edir. Bir ədəd 38 at gücündə “Zanzottera 498i” mühərriki ilə təchiz olunmuş PUA-nın kreyser sürəti saatda 110 km, maksimal sürəti saatda 203 km-dir.

“Orbiter-2” mini PUA-ların qanad açıqlığı 3 metr, faydalı yükü 1,5 kiloqram, maksimal sürəti saatda 110 km, əməliyyat radiusu 100 km, uçuş hündürlüyü isə 5500 metr təşkil edir.

Orbiter M STAMP

2017-ci ildə seriyalı istehsalına başlanan “Orbiter-3” mini taktiki PUA kəşfiyyat, nəzarət, hədəf aşkarlama və axtarış (ISTAR) tapşırıqları üçün nəzərdə tutulub. Qanad açıqlığı 4,40 m, ağırlığı 30 kq, faydalı yükdaşıma qabiliyyəti 5,5 kq təşkil edən “Orbiter-3” mini taktiki PUA-nın uçuş müddəti 7 saat, sürəti saatda 130 km, əməliyyat radiusu 150 km-dir. Mancanaq (katapult) vasitəsi ilə havaya atılan PUA enmə zamanı paraşüt və hava yastığından istifadə edir. “Orbiter 3” mini PUA-nın aerodinamik quruluşu əsasında hazırlanmış “Orbiter 4” mini taktiki PUA isə 24 saat havada qalma

imkanına sahibdir. İki faydalı yüklə 50 kq uçuş çəkisinə malik PUA-nın maksimal uçuş tavanı 5400 metrdən çoxdur. “Orbiter 4” PUA-nı “Orbiter” ailəsinin digər nümunələrindən fərqləndirən əsas xüsusiyyətlər müasir görüntü emal imkanları, avtomatik qalxma qabiliyyəti, dözümlü olması, minimal istismar və əməliyyat xərcləri tələb etməsidir.

“Orbiter-2”, “Orbiter-3” və “Orbiter-4” PUA-ları əməliyyat tapşırıqlarına uyğun olaraq “Controp” şirkətinin istehsalı olan T-STAMP, D-STAMP, UZ-STAMP, M-STAMP və HD-Lite faydalı yüklərindən biri ilə təchiz oluna bilər.

Son olaraq, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yeni növ zərbə tipli, daha böyük dağıdıcı gücə malik “İti qovan” pilotsuz uçuş aparatlarının (PUA) seriyalı istehsalına başlanmışdır. Ali Baş Komandan İlham Əliyevin tarixə düşən bu ifadəsi PUA-ların qanadları üzərinə yazılır. Hazırda “İti qovan” PUA-ları Azərbaycan Ordusunun istifadəsindədir. Müdafiə Sənayesi Nazirliyinin məlumatına görə, nazirliyin mütəxəssisləri Silahlı Qüvvələrin hərbçiləri ilə birlikdə yeni tipli silah və döyüş sursatlarını real döyüş şəraitində sınaqlarını keçirmişlər.

1Qarabağın azad olunması uğrunda 44 günlük Vətən müharibəsində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunmuş “Motodor”, “Marauder” zirehli döyüş maşınları, təkmilləşdirilmiş BTR-70 və BRDM-2 zirehli transportyorları geniş tətbiq edilmişdir. Döyüş əməliyyatlarında minalı sahələrə düşən və ya düşmənin müdafiə xəttini yararkən raket-artilleriya atəşlərinə məruz qalan və yararsız hala salınan “Matador” və “Marauder” zirehli döyüş maşınlarının təcili təmiri istehsalçı müəssisədə təşkil edilərək qısa zamanda döyüş bölgəsinə qaytarılmışdır. Nazirliyin tabeli müəssisələrində istehsal edilmiş 1 ədəd BTR-70 zirehli transportyoru “İlhamla irəli” şüarı altında cəbhə xəttinə çatdırılaraq 20 oktyabr 2020-ci il tarixində təmənnasız olaraq Dövlət Sərhəd Xidmətinə təhvil verilmiş və azad olunan ərazilərdə yaradılan sərhəd zastavaların birində döyüş tapşırıqlarının icrasına başlamışdır.

Sadalanan məmulatlarla yanaşı, MSN-in tabeli müəssisələrində Mühəndis Qoşunlarının və mühəndis-istehkam bölmələrinin təchizatı üçün aşağıda göstərilən məhsullar da istehsal olunaraq orduya təchiz edilmiş və 44 günlük Vətən müharibəsində geniş şəkildə istifadə edilmişdir:

Müxtəlif təyinatlı minalar:

– MD-9 detanatorlu PMN tipli piyada əleyhinə, TM-62P2 və TM-62P3 ipli tank əleyhinə minalar və onların partlayıcıları;

– OZM-72 tipli piyada əleyhinə qəlpəli maneə minası;

– MS-Ş tipli şup əleyhinə və MS-M minaaxtaran əleyhinə mina–sürpriz;

– MON-50, MON-90, MON-100 və MON 200 piyada əleyhinə istiqamətləndirilmiş qəlpəli minalar.

Mühəndis vasitələri:

– İMA-07 tipli minaaxtaran;

– PM-4 partlatma maşını və KPM-3U elektrik partlatma maşını;

– Partlayıcı idarəetmə cihazı KRAB-İM;

– UR-83 keçid açma qurğusu;

– mina xəbəredici üçkünc işarələri və çarxlı ağ-qara lent;

– müxtəlif çeşiddə 3×5 m ölçülü maskalanma toru, 6, 12, 18 və 24 yerli UST-56 tipli çadır;

– daxili yayı və içliyi olmaqla 4 ölçüdə (60x60x60 sm), (60x60x30 sm), (60x60x100 sm), (100x100x100 sm) metal səbət;

– müxtəlif yamsılama vasitələri;

Vətən müharibəsində istifadə ediliən “Səbət-1” və “Səbət-2” məmulatı MSN-in müəssisələrində 2020-ci ildən seriyalı istehsal olunur və mühəndis xidməti vasitələrinə aid edilir. Bu məmulatlar təyinatı üzrə şəxsi heyətin güllə və qəlpələrdən qorunması məqsədilə əlavə qoruyucu səddlərin yaradılması üçün nəzərdə tutulmuşdur, səngər və istehkamların quraşdırılmasında geniş istifadə edilmişdir. Məmulat blok-postların, atəş nöqtələrinin və dərin olmayan (0,8-1,5 m-dək) səngərlərin brustverlərinin quraşdırılmasında istifdə edilir. “Səbət-1” və “Səbət-2” məmulatı müvafiq olaraq (60x60x60 sm) və (60x60x100 sm) olmaqla iki hissədən: torvari metal karkasdan və daxilə quraşdırılan yan divarları örtən parça iç örtükdən ibarətdir. Bu məhsulların böyük bir hissəsi məhz müharibənin ilk günlərində orduya çatdırılmışdır.

MSN müəssisələr tərəfindən zirehli texnika (BMP, BTR-70, MT-LB), xüsusən də T-72 tankları üçün böyük çeşiddə ehtiyat hissələri, hərbi təyinatlı fərdi mühafizə vasitələri, rabitə vasitələri üçün müxtəlif növ antenalar, o cümlədən NATO standartlarına uyğun antenalar, habelə müxtəlif arxa cəbhə vasitələri və s. məhsullar istehsal edilmişdir.

Perspektivlər

Regiondakı təhlükəsizlik təhdidləri Azərbaycan Ordusunun daim yeni silah və texnikalarla təchiz edilməsini prioritet olaraq qarşıya qoymuşdur. Prezident İlham Əliyev də öz çıxışlarında bunu dəfələrlə vurğulayaraq, yüksək dəqiqliyə və böyük dağıdıcı gücə malik silahların alınmasına öncüllük verildiyini bildirmişdir. Bu kontekstdə, növbəti yaxın perspektivdə Azərbaycan Ordusunun yüksək dəqiqliyə malik raket-artilleriya vasitələri ilə silahlandırılmasının davam edəcəyi gözlənilir.

Bu istiqamətdə MSN-in nəzdində artilleriya mərmilərinin istehsalını həyata keçirəcək istehsal sahəsinin işə salınması planlaşdırılır. Müəssisədə 122 mm-lik artilleriya və 125 mm-lik tank topları üçün 20-yə yaxın müxtəlif çeşiddə (qəlpəli-fuqaslı, kumulyativ, zirehdələn-çapaltı və s.) atəş yığımları istehsal olunacaq. MSN-dən verilən məlumata görə, hazırda adı çəkilən atəş yığımlarının tərkib hissəsi olan gilizlərin və altlıqların istehsal prosesi tam mənimsənilmişdir. Atəş yığımlarının tam dəstləşdirilməsi üçün nəzərdə tutulmuş müxtəlif növ partaldıcıların istehsalı sahəsinin yaradılması üzrə aparılan işlər də sürətlə davam etdirilir. Müəssisə işə salındıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin bu sursatlara olan tələbatı tam ödəniləcəkdir. Sadalanan atəş yğımları ilə bərabər 107, 122 və daha böyük kalibrli reaktiv raketlərin istehsalının mənimsənilməsi istiqamətində də çalışmalar davam edir.

MRS5884Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu (ETİ) tərəfindən 2018-ci ilin sentyabr ayında nümayiş etdirilmiş eksperimental taktiki raketin (ETR-M) döyüş hissəsi 50 kq, çapı 203 mm, çəkisi 250 kq, uzunluğu 2400 mm təşkil edir. Hazırda yaradılma mərhələsində olan, GPS və İNS naviqasiya sisteminə malik raketin uçuş məsafəsi 60 km-dək olacaq.

Azərbaycan Ordusunun digər sursat növlərinə olan ehtiyacını qarşılamaq məqsədilə MSN tərəfindən 20 mm və daha böyük döyüş sursatlarının istehsalı sahəsində də bəzi layhələr üzərində işlənilir. MSN rəsmilərinin sözlərinə görə, yaxın perspektivdə Sovet/Rusiya istehsalı olan 23 mm-lik ZU-23-2 və ZSU-23-4 “Şilka” zenit qurğularının 2A14, 2A14M, 2A7 və 2A7M avtomatlarında istifadə üçün nəzərdə tutulmuş 23×152 mm çaplı APİ-T və AP-T, HEİ, HEİ-T, 30×165 mm çaplı 2A24, 2A38, 2A42 və 2A72 markalı avtomatik toplar üçün HE-T, HEİ, AP-T tipli sursatların istehsalı planlaşdırılır.

Hazırda MSN-in müəssisəsində yaradılma mərhələsində olan 100 kq-lıq qanadlı QFAB-100SAB və 250 kq-lıq QFAB-250SAB süzən aviasiya bombaları GPS və İNS naviqasiya idarəetməsinə malikdir. Bundan başqa MSN müəssisələri tərəfindən RPQ-26 “Aqlen” tipli tank əleyhinə reaktiv qumbaraatan, 23×115 mm çaplı İST-23 snayper tüfəngi, 7.62×54 mm çaplı yarımavtomat “Yırtıcı” snayper tüfəngi yaradılmışdır və hazırda sınaqları yerinə yetirilir.

Hazırda sınaqları davam etdirilən AT-30 tipli avtomatik topun hazırlanmasında MSN-in mütəxəssisləri və hərbçilərin iştirakı ilə Sovet istehsalı olan 30 millimetrlik 2A42 topunun problemləri öyrənilib və AT-30-da həmin problemlər aradan qaldırılıb. AT-30 topu lüləsi də daxil olmaqla tam şəkildə MSN-in müəssisəsində hazırlanıb. Azərbaycan Silahlı Qüvvələrinin ehtiyaclarını qarşılamaq məqsədilə hazırlanan AT-30 avtomatik topu yaxın gələcəkdə Ordunun silahlanmasına verilə bilər.

Zaur Babaşov

CATEGORIES
TAGS