
Vasif Talıbov Naxçıvanda döyüş hazırlığının gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib
Əlahiddə Ümumqoşun Orduya yeni təminat avtomobilləri təqdim edilib
Aprelin 23-də Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına alınmış 10 “Qazel” markalı yük, eləcə də “Ford” və “Volkswagen” markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”ə verilən məlumata görə, Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov avtomobillərə baxıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib. Bildirilib ki, yükgötürmə qabiliyyəti və manevr imkanları yüksək olan qənaətcil avtomobillərdən hərbi hissələrin təminatında istifadə olunacaqdır. Yeni avtomobillər muxtar respublikanın relyefinə uyğun olaraq istənilən şəraitdə xidməti fəaliyyətin təhlükəsiz və çevik təşkilinə imkan verəcəkdir.
Ali Məclisinin Sədri Vasif Talıbov yeni avtomobil və texnikaların təqdim olunması münasibətilə şəxsi heyəti təbrik edib: “Bu gün Azərbaycanda ordu quruculuğu sahəsində görülən işlər, xüsusilə hərbi hissələrin maddi-texniki bazasının möhkəmləndirilməsi ordumuzun qüdrətini daha da artırır. Azərbaycanda həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq muxtar respublikada da ordu quruculuğuna xüsusi diqqət yetirilir, ordu, birləşmə və hissələrin silah-sursat və texnika təminatı yaxşılaşdırılır, təlimlər keçirilir, şəxsi heyətin peşəkarlığı artırılır.
Ali Məclisin Sədri bildirib ki, döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulan texnika və avtomobillərdən hərbi hissələrin gündəlik təminatında istifadə olunmamalıdır. Ali Məclisin Sədri yeni avtomobillərdən təyinata uyğun istifadə olunması barədə tapşırıqlar verib.
Həmin gün Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda işğaldan azad edilmiş ərazilərdə olub, görülən işlərlə maraqlanıb.
Məlumat verilib ki, ərazidə müdafiənin dayanıqlığının təmin edilməsi üçün mühəndis maneələri sistemi yaradılıb və minalardan təmizlənib, hündürlüyü 5 metr, uzunluğu isə 7 kilometrdən artıq olan təhlükəsizlik bəndi çəkilib, ön mövqedə şəxsi heyətin xidməti şəraiti daha da yaxşılaşdırılıb. 73 hektar torpaq sahəsində meliorativ tədbirlər görülərək əkinə hazır vəziyyətə gətirilib, 1650 metr məsafədə yerləşən “Şirarxı” kanalı üzərində qurulmuş yeni nasos stansiyasından əraziyə su verilib, eləcə də mövcud 3 subartezian quyusu bərpa olunaraq 2500 metr boru xətti çəkilib. Həmçinin əraziyə yeni elektrik verilişi xətti çəkilərək subartezian nasosları və hərbi hissə üçün 2 transformator yarımstansiyası quraşdırılıb. Bu ilin yazından ərazidə əkin işlərinə başlanılıb, 38 hektar sahədə dən üçün qarğıdalı əkilib. Hazırda əkin davam etdirilir.
Ali Məclisin Sədri bildirib ki, hazırda Azərbaycan ordusu tərəfindən ərazilər tam nəzarət altında saxlanılır ki, bu da əkin işlərinin rahat şəkildə həyata keçirilməsinə imkan verir: “Bundan sonra nəzarət altındakı digər ərazilərdə də işlər davam etdirilməli, minalardan təmizlənməli, yeni torpaq sahələri əkin dövriyyəsinə qatılmalı, Sədərək rayonunun əkinəyararlı torpaqlarının sahəsi genişləndirilməlidir”.
Sonra V.Talıbov Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksində aparılan yenidənqurma işləri ilə maraqlanıb.
Daha sonra, Ali Məclisinin Sədri Sədərək rayonunda müdafiənin ön xəttində olub, müşahidə məntəqəsində Azərbaycan mövqelərinin vəziyyəti və xidmətin təşkili ilə maraqlanıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev məlumat verib ki, şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, mövqelər arasında səmtləşmənin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaradıb. Dayaq məntəqələri və mövqelər müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub.
Ali Məclisin Sədri müdafiənin təşkili sahəsində həyata keçirilən tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib, xidmətin təşkili, eləcə də döyüş hazırlığının və intizamın gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.