Vətən müharibəsi şəhidlərinin ailələrilə bağlı yeni vergi güzəştləri tətbiq olunacaq

Vətən müharibəsi şəhidlərinin ailələrilə bağlı yeni vergi güzəştləri tətbiq olunacaq

Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvləri və qazilər üçün yeni vergi güzəştləri müəyyənləşib.

“Poliqon”un məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur.

Qeyd edək ki, birinci oxunuşda layihədə Vətən müharibəsində şəhid olmuş şəxslərin ailə üzvlərinə və aparılan hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 10 000 manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulmuşdu.

Həmçinin, Vətən müharibəsi şəhidləri ilə bərabər, Vətən müharibəsi iştirakçılarının da banklara və digər kredit təşkilatlarına olan borclarının silinməsindən əldə olunan gəlir gəlir vergisindən azad edilib.

Eyni zamanda banklar və kredit təşkilatları tərəfindən Vətən müharibəsi iştirakçılarının 2021-ci il 1 yanvar tarixinədək alınmış kreditlər üzrə həmin tarixədək ödənilməyən borclarına görə hesablanmış faizlərin silinməsi bankların və digər kredit təşkilatlarının vergi tutulan gəlirlərinə aid edilməyəcək. Bu maddə ilə müəyyən edilmiş silinən borcların əsas məbləği üzrə yaradılmış ehtiyatlar gəlirdən çıxılan xərclərə aid ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Poliqon.az

CATEGORIES
TAGS