
Vətən Müharibəsində həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqqədəs torpaqların düşmən işğalından azad edilməsi uğrunda Vətən Müharibəsində qəhrəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Gizir Əliyev Rüfət Füzuli oğlu, kiçik gizir Quluzadə Orxan Elxan oğlu, kiçik gizir Şükürov Alim Davud oğlu, kiçik gizir Qasımov Mirağa Hafis oğlu, əsgər Quliyev Mehtab Ənvər oğlu, əsgər Qalayçıyev Faiq İsrafil oğlunun anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri, rayon icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etmiş, şəhidlərin məzarlarını ziyarət ediblər.
Anım mərasiminə qatılanlar qəhrəman şəhidlərin sərhədçi andına və şərəfinə sadiq qalaraq Vətən Müharibəsinin ilk günündən döyüş meydanında şücaət və fədakarlıq nümayiş etdirdikləri, qarşıya qoyulan döyüş tapşırıqlarını qanları və canları bahasına yerinə yetirərək şəhadət zirvəsinə ucaldıqları qeyd olunub.
Vətən Müharibəsində həlak olmuş şəhidlərin qanının yerdə qalmadığı, intiqamlarının döyüş meydanında alındığı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğu, xalqa qalibiyyət sevinci yaşatmış şəhidlərin əziz xatirəsinin hər zaman minnətdarlıqla anılacağı vurğulanılıb.
Şəhidlərin ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıq ifadə etmiş, torpaqların azad olunması uğrunda həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinin ziyarət edilməsinin dövlətin Vətən müharibəsinin iştirakçılarına göstərdiyi yüksək qayğının, şəhidlərə ifadə olunan ehtiramının göstəricisi olduğunu bildiriblər.