
Vətən Müharibəsində həlak olmuş sərhədçilərin xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılışı olub
İyul ayının 6-da Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin N saylı hərbi hissəsində Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində həlak olmuş hərbi qulluqçularının xatirəsinə həsr olunmuş abidə lövhəsinin açılış mərasimi keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş hərbi qulluqçuların xatirəsini əbədiləşdirmək məqsədilə yaradılmış qranit abidə lövhəsində Vətən Müharibəsində şəhid olmuş qəhrəman sərhədçilərin fotoşəkilləri və adları həkk olunub, Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıbdır.
Mərasimdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, iştirakçılar bir dəqiqəlik sükutla şəhidlərin ruhuna ehtiramlarını ifadə etib, abidə lövhəsinin önünə əklil və gül dəstələri düzüblər.
Tədbirdə iştirak edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev çıxış edərək xalqımızn ədalət və haqq savaşında tarixi Zəfərinin əldə edilməsində misilsiz fədakarlıq göstərmiş, ölkəmizin ərazi bütövlüyü, müqəddəs sərhədlərimizin işğaldan azad olunması uğrunda canlarından keçərək bizlərə sonsuz qürur hissi yaşadan Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin minnətdarlıqla yad edildiyini qeyd edibdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistan üzərində parlaq qələbə bitmiş Vətən müharibəsində sərhədçilərin döyüş tapşırıqlarını uğurla icra etmələri vurğulanıb.
Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamları ilə Anım və Zəfər günlərinin, müxtəlif orden, medal və fəxri adların təsis edilməsi, Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasının şəhidlərin şücaətlərinin yüksək qiymətləndirilməsi və qəhrəmanlıqlarının təbliğ edilməsi baxımından müstəsna əhəmiyyət kəsb etməsi bildirilib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Azərbaycan sərhədçilərinin xidmətlərinin xüsusi qiymətləndirilməsinin şəxsi heyəti yeni xidməti qələbələrə ruhlandırdığı vurğulanaraq müqəddəs savaşda sinələrini sipər etmiş bütün qəhrəmanların əziz xatirələrinin daim uca tutulacağı, onların şücaətinin gələcək nəsillər tərəfindən xalqımızın əzmkarlıq, fədakarlıq salnaməsi kimi vəsf olunacağı qeyd edilibdir.