
Vətən müharibəsində şəhid olan sərhədçilərin məzarları ziyarət edilib
Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqların düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmancasına həlak olmuş sərhədçilərin anım tədbirləri keçirilib.
Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, baş leytenant Nəhmətov Ceyhun Ehtiqad oğlu, leytenant Əbdürrəhimli Habil Qabil oğlu, kiçik gizir İbrahimli Nail Nəriman oğlu, əsgər Qasımov Murtaza Elman oğlu və əsgər Hüseynov Vüsal Yahya oğlunun anım mərasimlərində Dövlət Sərhəd Xidmətinin rəhbər vəzifəli şəxsləri, rayon icra hakimiyyətlərinin və hüquq-mühafizə orqanlarının rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak etmiş, şəhidlərin məzarlarını ziyarət ediblər.
Mərasim iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində tarixi Qələbədən, düşməni darmadağın etmiş Silahlı Qüvvələrin döyüş meydanında rəşadətindən danışıblar.
Vətən müharibəsində xalqa qalibiyyət sevinci yaşatmış şəhidlərin əziz xatirələrinin hər zaman sonsuz ehtiramla və minnətdarlıqla anılacağı, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman nümunə olacağı qeyd edilib.