Vətən müharibəsinin başlamasından üç il ötür

Vətən müharibəsinin başlamasından üç il ötür

Bu gün 44 günlük Vətən müharibəsinin başlamasından üç il ötür.

“Poliqon” xəbər verir ki, 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin növbəti irimiqyaslı hərbi təxribatının qarşısının alınması və işğal altındakı Azərbaycan torpaqlarının azad edilməsi məqsədi ilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlayıb.

Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu, noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr – Zəfər günü kimi təsis edilib.

Müharibədə məğlub olan Ermənistan 2020-ci il noyabrın 10-da məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktını imzalayıb.

Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Bəyanat imzalanıb.

Bəyanata əsasən, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edilib.

Üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olan hissəsi, noyabrın 25-də Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edilib.

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin bir çox hərbi qullluqçusu sağlamlığını itirərək qazi və 2908 hərbi qulluqçusu şəhid olub, 6 nəfər isə hələ də itkin düşmüş sayılır.

Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycanda Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.

CATEGORIES
TAGS