Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 10-cu günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 10-cu gününün xronikasını təqdim edir.

Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl-Füzuli istiqamətində əməliyyat və hərbi üstünlüyü davam edib. Azərbaycan Ordusunun dəqiq atəş zərbəsi nəticəsində Ballıca məntəqəsində yerləşən Ermənistan silahlı qüvvələrinin mərkəzi silah-sursat anbarı məhv edilib.

Ermənistanın silahlı qüvvələri də öz növbəsində Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edib.

Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisinə dinc sakinlərə qarşı Beynəlxalq konvensiyalarla qadağan olunmuş 4 ədəd kasetli sursat atıb və nəticədə 1 nəfər mülki şəxs həlak olub. Həmçinin Tərtər rayonunun müxtəlif istiqamətlərdən intensiv atəşə tutulması nəticəsində 1 nəfər mülki şəxs həlak olmuş və 2 nəfər mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Azərbaycan Ordusunun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı hava hücumudan müdafiə sistemləri ilə alınıb.

Azərbaycan Ordusu bütün imkanlarını birləşdirərək Qarabağın azad olunması uğrunda döyüşləri məharətlə davam etdirib.

Poliqon.az

Back to top button