Vətən müharibəsinin xronikası: döyüşlərin 11-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 11-ci gününün xronikasını təqdim edir.
Müharibənin 11-ci günü Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə, xüsusilə də Cəbrayıl istiqamətində irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər döyüş vasitələri məhv edilib. Azərbaycan Ordusunun qarşısını ala bilməyən düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir, texnika və hərbi sursatı qoyaraq qaçmağa başlayıblar.
Azərbaycan hərbçilərinin uğurlu əməliyyatı nəticəsində hazırki “Qənimətlər Parkı”nı genişləndirmək məqsədilə düşmənin daha bir neçə hərbi texnikası – rabitə avtomobili olan “Ural”, “Pikap” və yanğınsöndürən maşın qənimət kimi ələ keçirilib. Azərbaycan qoşunlarının atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib.
Ermənistana məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu sahəsində uçuş keçirməyə cəhd göstərərkən Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunaraq dərhal məhv edilib.
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə yenidən pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirib. Ermənistan silahlı qüvvələri tərəfindən fasiləsiz olaraq Tərtər, Bərdə Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulub. Atəş nəticəsində 1 nəfər Ağdam rayon sakini həlak olub.
Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutan, müharibə qanunlarından xəbərsiz düşmən məcburi sülhə imza atana qədər daha 33 gün DƏMİR YUMRUQ başını əzəcəkdi.




