Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 15-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 15-ci gününün xronikasını təqdim edir.

İşğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Gəncə şəhərinə raket zərbələri endiriblər. Hadisə nəticəsində 4 qadın olmaqla 9 nəfər həlak olmuş, 16 qadın və 6 azyaşlı olmaqla 35 nəfər yaralanmış, həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektlərə ziyan dəyib.

Düşmənin silahlı qüvvələri 11.10.2020-ci il tarixdə gecə saat 04 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan Mingəçevir Su Elektrik Stansiyasını hədəfə almaqla cəbhə zonasından 100 km-dən artıq uzaqlıqda yerləşən, iri sənaye şəhəri Mingəçevirə raketlər atıb. Raketlər Azərbaycan Ordusunun hərbi hava hücumundan müdafiə (HHM) qüvvələri tərəfindən zərərsizləşdirilib. Bundan başqa, Mingəçevir istiqamətində uçuşlar həyata keçirməyə cəhd edən Ermənistana məxsus pilotsuz uçuş aparatı HHM qüvvələri tərəfindən məhv edilib.

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin bölmələri itirdikləri mövqeləri geri qaytarmaq məqsədilə canlı qüvvə və döyüş texnikasını cəmləşdirərək yenidən kiçik qruplarla cəbhənin Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Gecə ərzində düşmənə atəş zərbəsi vurulmaqla onun bütün hücum cəhdlərinin qarşısı alınıb.

Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, eləcə də 5 ədəd T-72 tankı, 6 ədəd D-20 və D-30 haubitsası, 5 ədəd sursatla dolu yük maşını, 11 ədəd digər avtomobil texnikası, 3 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 5 ədəd 2S1 “Qvozdika” özüyeriyən haubitsası, 8 ədəd HHM sistemi və radiolokasiya stansiyası məhv edilib və sıradan çıxarılıb. Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci əlahiddə artilleriya alayı bölmələrinə havadan endirilən zərbələr nəticəsində düşmən ağır itkilər verib.

Müharibənin 15-ci günü Ermənistan silahlı qüvvələri müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri ilə yanaşı Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarını artilleriya atəşinə tutub. Nəticədə xeyli sayda dinc sakin həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.

Humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələri döyüş əməliyyatları aparılan ərazidən xeyli aralıda yerləşən şəhər və kəndləri raket və artilleriya atəşinə tutmağa davam etdiyi hallarda, Azərbaycan əsgəri mülki əhali ilə deyil, əli silahlı işğalçı ilə müharibə aparırdı.

Poliqon.az

Back to top button