Vətən müharibəsinin xronikası: döyüşlərin 18-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 18-ci gününün xronikasını təqdim edir.
Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib.
– Oktyabrın 14-ü gecə saat 01:00 radələrində Ermənistan silahlı qüvvələrinin əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib və Azərbaycan ordusu tərəfindən məhv edilib. 08:36 radələrində Ermənistan ərazisində növbəti start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksləri də dəqiq zərbə ilə sıradan çıxarılıb. Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənib. Beləliklə, Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə 3 ədəd “Elbrus” ballistik raket qurğusunu raketlərlə birlikdə məhv edib.
– Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində vəziyyət gərgin olaraq qalıb. Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın edib və görülən tədbirlər nəticəsində itki verərək geri oturdulub.
– Oktyabrın 13-dən 14-ə keçən gecə Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
– Cəbhənin Füzuli rayonu istiqamətində günorta saatlarında Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Azərbaycan Ordusu tərəfindən vurulub.
– Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutmaqda davam edib. Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub. Azərbaycan Ordusu tərəfindən adekvat tədbirlər görülüb. Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb.




