Vətən müharibəsinin xronikası: döyüşlərin 19-cu günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 19-cu gününün xronikasını təqdim edir.
Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun Arış, Cəbrayıl rayonunun Doşulu, Xocavənd rayonunun Edişə, Düdükçü, Edilli, Çiraquz kəndləri işğaldan azad edilib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd “Tor-M2KM” zenit raket kompleksi, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb. Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub.
Ermənistanın silahlı qüvvələri 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhaliyə qarşı terror əməllərini davam etdirib. Ermənistan silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazilərini intensiv raket və ağır artilleriyadan atəşə tutub. Nəticədə Ağdam rayonunun 2 nəfər dinc sakini ağır yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin Tərtərdə qəbiristanlığı atəşə tutması nəticəsində, dəfndə iştirak edən 3 azərbaycanlı mülki şəxs həlak olub, 5 nəfər isə yaralanıb.
Ümumilikdə, sentyabrın 27-dən oktyabrın 15-i saat 12:00-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 43 mülki şəxs həlak olub, 218 nəfər xəsarət alıb. Həmçinin, 1592 yaşayış evi, 79 çoxmərtəbili yaşayış binası və 290 mülki obyekt yarasız vəziyyətə düşüb.




