Vətən müharibəsinin xronikası: döyüşlərin 2-ci günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 2-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 2-ci gününün xronikasını təqdim edir.

BMT-nin Baş katibi Antonio Quterreş ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında videokonfrans formatında görüş olub. Prezident İlham Əliyev ötən gün Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatla bağlı hadisələrin gedişinə dair məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutub və bunun nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olublar. Azərbaycan tərəfi özünümüdafiə məqsədilə uğurlu əks-hücum əməliyyatları həyata keçirir.

Azərbaycan Müdafiə Nazirliyi xəbər verib ki, əməliyyat gününün sonuna əldə edilən kəşfiyyat məlumatlarına əsasən, Ermənistan ordusunun üç silah-sursat anbarı, çoxsaylı texnikası və 550-dən çox canlı qüvvəsi məhv edilib.

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizlənib.

Ermənistan silahlı birləşmələrinin Tərtər Rayon Məhkəməsinin yerləşdiyi əraziyə artilleriya atəşi nəticəsində bir nəfər həlak olub, üç nəfər yaralanıb.

Baş Prokurorluq düşmənin Tərtərdə əlillər və məcburi köçkünlər üçün tikilmiş binanı atəşə tutması nəticəsində iki nəfərin həlak olması və iki nəfərin yaralanması barədə məlumat yayıb.

Poliqon.az

CATEGORIES