Vətən müharibəsinin xronikası: döyüşlərin 20-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.
“Poliqon” Vətən müharibəsinin 20-ci gününün xronikasını təqdim edir.
Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Ermənistanın 5-ci dağatıcı alayın müdafiə zolağında mövqe tutan şəxsi heyət arasında xeyli sayda ölən və yaralananlar olub. 10-cu alayın müdafiə zolağında könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində də ölən və yaralanan olub. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb. 9-cu motoatıcı alayın müdafiə zolağında artilleriya batareyası məhv edilib, alay komandirinin müavini isə yaralanıb.
Düşmən işğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın Goranboy, Tərtər, Füzuli, Ağdam və Ağcabədi rayonlarının ərazilərini gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən oktyabrın 15-də saat 10:44-də atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb.
Sentyabrın 27-dən oktyabrın 16-ı saat 11:00-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 47 mülki şəxs həlak olub, 222 nəfər xəsarət alıb. Həmçinin, 1669 yaşayış evi, 84 çoxmərtəbili yaşayış binası və 301 mülki obyekt yarasız vəziyyətə düşüb.




