Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 23-cü günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 23-cü gününün xronikasını təqdim edir.

Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərini azad edib.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, o cümlədən 2 ədəd T-72 tankı, 2 ədəd BM-21 “Qrad” YARS-ı, 1 ədəd D-30 və 1 ədəd D-20 haubitsa topları və 11 ədəd avtomobil texnikası məhv edilib.

Oktyabrın 19-a keçən gecədən başlayaraq cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl istiqamətlərində, eləcə də Araz çayı boyu müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları davam edib. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının 63-cü tank taborunun qərargah rəisi məhv edilib, 5-ci dağatıcı alayın müdafiə sahəsindəki taborun şəxsi heyətinin bir qismi məhv edilib, digərləri isə döyüş mövqelərini özbaşına tərk edərək qaçıb.

Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejiminin tələblərini pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri raket və ağır artilleriya zərbələrinə məruz qoymağa davam edib. Düşmən gün ərzində Goranboy, Tərtər, Tovuz, Daşkəsən, Göygöl, Ağcabədi və Ağdam rayonlarının ərazisini minaatanlar, toplardan, raket və ağır artilleriya qurğularından atəşə tutub.

Ermənistan silahlı qüvvələrinin Ağdam rayonunu atəşə tutması nəticəsində 3 nəfər mülki şəxs yaralanıb. Həmçinin həmin vaxt Bənövşələr qəsəbəsində olan AzTV-nin cəbhəboyu zonaya ezam olunmuş əməkdaşı 1982-ci il təvəllüdlü Həsənov Anar Bəybala oğlu Ermənistanın mülki əhaliyə qarşı törətdiyi təxribatları dünya ictimaiyyətinə çatdırarkən düşmən tərəfindən atəşə tutulması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Poliqon.az

Back to top button