Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 25-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 25-ci gününün xronikasını təqdim edir.

Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini; Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini; Zəngilan rayonunun Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad edib.

Oktyabrın 21-ə keçən gecə cəbhənin Ağdərə, Füzuli- Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Azərbaycan Ordusunun keçirdiyi əməliyyat nəticəsində cəbhənin Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə olunan bölmələri şəxsi heyət və hərbi texnikada itki verərək geri çəkilməyə məcbur edilib. 5-ci dağatıcı alayın müdafiə sahəsində düşmənin mövqeləri ələ keçirilib, çoxlu sayda silah və sursat qənimət götürülüb. Alayın artilleriya rəisi, artilleriya divizion komandiri və 4-cü taborunun komandiri taborun şəxsi heyəti ilə birlikdə məhv edilib.

Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib. Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb.

Döyüşlərdə düşmənin 4 ədəd PUA-sı 3 ədəd artilleriya qurğusu, bir necə minaatanı, şəxsi heyətlə birlikdə 3 ədəd yük avtomobili sıradan çıxarılıb.

Sentyabrın 27-dən oktyabrın 21-i saat 11:00-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 63 mülki şəxs həlak olub, 292 nəfər xəsarət alıb. Həmçinin, 1981 yaşayış evi, 90 çoxmərtəbili yaşayış binası və 386 mülki obyekt yarasız vəziyyətə düşüb.

Poliqon.az

Back to top button