Vətən müharibəsinin xronikası: döyüşlərin 28-ci günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 28-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 28-ci gününün xronikasını təqdim edir.

Oktyabrın 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Cəbhənin həmin istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələrinin bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb. Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib.

Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus BZEZ zərbə pilotsuz uçuş aparatı (PUA) Azərbaycan bölmələri tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə (HHM) bölmələri tərəfindən məhv edilib. Həmçinin, Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus PUA da Azərbaycan HHM bölmələri tərəfindən məhv edilib.

Oktyabrın 24-ü saat 13:00-dan 15:00-dək Azərbaycan HHM-in döyüş aviasiyası cəbhənin Ağdərə və Ağdam istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 3 tankını, 2 sığınacağını və bölüyün 4 dayaq məntəqəsini dəqiq aviasiya zərbələri ilə məhv edib.

Ermənistan silahlı qüvvələri dinc sakinləri hədəf alaraq, Qubadlı, Tərtər, Bərdə, Goranboy və Naftalan rayonlarının ərazilərindəki yaşayış məntəqələrini yaylım atəşli reaktiv sistemlərdən atəşə tutub.

Poliqon.az

CATEGORIES
TAGS