Vətən müharibəsinin xronikası: döyüşlərin 41-ci günü

Vətən müharibəsinin xronikası: döyüşlərin 41-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 41-ci gününün xronikasını təqdim edir.

Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb. Məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

Tərtər rayonunun işğal olunmuş Göyarx (keçmiş Levonarx) kəndinin ərazisindəki düşmənin atış nöqtələrinə çıxarılan minaatanların heyəti Azərbaycan bölmələrinin dəqiq atəşi ilə məhv edilib. Ermənistan silahlı qüvvələrinin Ağdərə yaxınlığındakı atış nöqtələrinə çıxarılan D-30 haubitsasının heyəti Azərbaycan Ordusunun dəqiq atəşi ilə məhv edilib.

Ağdərədə yerləşən Ermənistan silahlı qüvvələri 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyası və 5-ci dağatıcı alayının bölmələrinin təminatında ciddi çatışmazlıqlar yaranıb. Cəbhənin Ağdərə istiqamətində gedən döyüşlərdə canlı qüvvə və döyüş texnikası sarıdan düşmən xeyli itki verib. Bundan əlavə, qeyd olunan hərbi hissələrlə komandanlıq arasında rabitə əlaqəsi kəsilib və bölmələrin idarəolunmasında da problemlər yaranıb.

Noyabrın 6-na keçən gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrinin mövqelərini fasilələrlə atəşə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.

Noyabrın 6-da Ermənistan silahlı qüvvələri Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər şəhərini, rayonunun Qazyan, Qaynaq, Qapanlı və Hüsənli kəndlərini müxtəlif artilleriya qurğuları, atıcı silah, top və minaatanlardan atəşə tutub.

Baş Prokurorluq Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərin statistikasını açıqlayıb: “Sentyabrın 27-dən noyabrın 6-dək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 92 mülki şəxs həlak olub, 404 nəfər xəsarət alıb. Həmçinin, 3064 yaşayış evi, 100 çoxmərtəbili yaşayış binası və 504 mülki obyekt yarasız vəziyyətə düşüb”.

Poliqon.az

CATEGORIES
TAGS