Xəbərlər

Vətən müharibəsinin xronikası: döyüşlərin 8-ci günü

Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən “Dəmir yumruq” əməliyyatı nəticəsində təxminən otuzillik işğala son qoyuldu və Azərbaycanın ərazi bütövlüyü bərpa edidi. Bu döyüşlər tarixə işğal olunmuş Qarabağ torpağı uğrunda Vətən Müharibəsi adı ilə düşdü.

“Poliqon” Vətən müharibəsinin 8-ci gününün xronikasını təqdim edir.

Azərbaycan Ordusu Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun bir neçə kəndini işğaldan azad edib. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad olunması ilə bağlı Azərbaycan xalqına müraciət edib.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. Habelə, Suqovuşana Azərbaycan bayrağı asılıb. Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik edib.

Müdafiə Nazirliyi döyüşlərin 8-ci günü ilə bağlı məlumat yayıb: Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı düşmənin 77-ci tank taborunun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb. Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağ atıcı alayının müdafiə sahəsinə ordumuz tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində 4 avtomobil texnikası məhv edilib. Alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb. Düşmən çoxlu sayda itki verib. Düşmənin zirehli texnikaları, atəş-dəstək və təminat vasitələrinin məhv edildiyini özündə nümayiş etdirən videogörüntü yayımlanıb.

Ermənistan döyüş meydanında Azərbaycan ordusunun qarşısında duruş gətirə bilmir və çirkin əməllərinə davam edərək yaşayış məntəqələri, mülki əhalinin yaşadıqları yerləri atəşə tuturdu. Ermənistan ordusu, müharibə gedən ərazilərdən kilometrlərlə məsafədə uzaq olan Gəncə və Mingəçəvir şəhərlərini, həmçinin cəbhəboyu Ağdam, Bərdə, Tərtər, Ağcəbədi, Goranboy, Beyləqan rayonlarını və Horadiz yaşayış məntəqəsini raket hücumuna məruz qoyub. Ermənistan silahlı qüvvələri Gəncə şəhərində mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriyadan atəşə tutması nəticəsində bir nəfər həlak olub, 32 nəfər xəsarət alıb. İnfrastruktura və tarixi tikililərə ciddi ziyan dəyib.

Baş Prokurorluğun məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Beyləqan şəhərində iki dinc sakin həlak olub, iki nəfər isə xəsarət alıb. Bununla da həlak olan mülki şəxslərin sayı 22-yə, xəsarət alanların sayı 73-ə çatıb.

Bundan başqa müharibənin 8-ci günü düşmən Xızı və Abşeron bölgəsinə iki ədəd 300 kilometr məsafəli orta mənzilli raket atıb.

Bütün bunların cavabı müzəffər Azərbaycan ordusu tərəfindən döyüş meydanında verilirdi. Azərbaycan əsgəri və zabiti döyüş meydanında qan töküb, şəhidlər verərək düşməni işğal olunmuş torpaqlardan qovmaqda davam edirdi.

Back to top button