Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib

Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisini qəbul edib

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Pakistanın Baş Qərargah rəisi general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “Poliqon” Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

Görüşdə strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə malik olduğunu, Prezident İlham Əliyevin bu münasibətlərin daha da genişlənməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdıran daxili işlər naziri V.Eyvazov beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində dost və qardaş ölkə olan Pakistanın Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.

Dövlət başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir V.Eyvazov, iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da sıx münasibətlərin mövcudluğundan, imzalanan beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin birgə işbirliyinin daha da dərinləşdirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

General Nadim Raza hər iki dövlətin və xalqlarının arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkədə yaradılan sabitlik və əmin-amanlıqdan, respublikanın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

CATEGORIES
TAGS