
Azərbaycanın müdafiə sənayesi keyfiyyət, müasir texnoloji və elmi tutumlu istehsalat nailiyyətlərinin tətbiqi baxımından yeni bir mərhələyə qədəm qoyub.
“Poliqon” xəbər verir ki, bu barədə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayevin ADEX-2026 sərgisinin iştirakçıları üçün POLİQON jurnalına açıqladığı müraciətdə bildirilib.
Nazir vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və praqmatik dövlətçilik siyasəti nəticəsində Azərbaycan artıq sadəcə çağdaş texnologiyaların tətbiqçisi deyil, həm də qlobal təhlükəsizlik arxitekturasına fundamental töhfələr verən innovativ həllərin müəllifidir.
“Dövlət başçısının ADEX sərgisinin təşkilinə və inkişafına göstərdiyi xüsusi diqqət bu unikal platformanı gələcəyin müdafiə doktrinalarının müzakirə edildiyi intellektual mərkəz statusuna yüksəltmişdir. Sərginin miqyasının ildən-ilə genişlənməsi, iştirakçı dövlətlərin və beynəlxalq şirkətlərin sayındakı davamlı artım Azərbaycanın hərbi-sənaye potensialına olan beynəlxalq etimadın əyani göstəricisidir”, – deyə V.Mustafayev qeyd edib.





