
Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti IDEF-2025 sərgisində iştirak edir
İyulun 22-də Türkiyənin İstanbul şəhərində IDEF-2025 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi işinə başlayıb.
Müdafiə Sənayesi Nazirliyinin Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, tədbirdə Azərbaycan müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.
Sərginin ilk günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilib. Mərasimə müxtəlif ölkələrin, həmçinin Azərbaycanın rəsmi nümayəndə heyəti qatılıb.
IDEF-2025 sərgisində Müdafiə Sənayesi Nazirliyinin (MSN) tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən quraşdırılmış stenddə MSN-in və Müdafiə Nazirliyinin rəsmi nümayəndə heyətləri, həmçinin “MİRAS”, “Q-STP”, “Synapline”, “USH Group”, “RD Smart” və “İmprotex” şirkətləri öz məhsulları ilə təmsil olunurlar.
Sərgidə MSN-in müəssisələrində istehsal edilən müxtəlif növ atıcı silahlar, yaxın məsafəli döyüş vasitələri, minaatanlar, müxtəlif çaplı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 131 adda müdafiə təyinatlı məmulatlar nümayiş etdirilir. IDEF-2025 sərgisində ilk dəfə olaraq MSN-ə məxsus modernizasiya olunmuş 7,62×54 mm-lik snayper tüfəngi, 2 növ 12,7×108 mm-lik iriçaplı piyada pulemyotu və 14,5×114 mm-lik iriçaplı pulemyot sərgilənir.
Səfər çərçivəsində nazir V.Mustafayevin bir neçə ölkənin dövlət rəsmiləri və iri şirkətlərin rəhbərləri ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, Müdafiə Sənayesi Nazirliyi IDEF sərgisində artıq 9-cu dəfədir ki, stendlə iştirak edir.
Sərgi iyulun 27-də başa çatacaq.