
Vyetnam qoşunları İsrailin “Galil” hücum tüfənginin yerli surəti ilə silahlanır
Son illərdə Vyetnam hakimiyyəti qoşunların dərin modernləşdirilməsini həyata keçirir. Planlara əsasən bu müddət ərzində sovet döyüş sistemlərindən tədricən imtina ediləcək, onlar müasir silahlarla əvəz olunacaq.
“Poliqon”un məlumatına görə, bu proses həm Rusiyanın müdafiə sənayesi, həm də digər dövlətlərin hərbi sənaye kompleksi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Xüsusilə, Hanoyla Təl-Əviv arasında atıcı silahlar sahəsində sıx əlaqələr qurulub. “Israel Weapons Industries” (IWI) şirkəti Vyetnama odlu silahların lisenziyasını verib və müvafiq istehsal texnologiyasını ötürüb. Z111 müdafiə zavodunda İsrail məhsullarının yerli nümunələrinin istehsalı qurulub. Vyetnamda ilk nümunələr 2020-ci ildə (bəzi mənbələrə əsasən 2021-ci ildə) istehsal edilib. Xüsusən də STV (Súng Trường Việt Nam – Vyetnam tüfəngi) hücum tüfəngi STV-215, STV-380, STV-410 və STV-416 kimi bir neçə modifikasiyada istehsal olunur. Hazırda STV-380 modelinin orduya tədarükü həyata keçirilir.
Xatırladaq ki, 2014-cü il fevralın 3-də IWI şirkəti Vyetnamda “Galil ACE” hücum tüfənginin lisenziyalı istehsalı üçün müqavilə bağlayıb, bundan sonra öz istehsalı olan silahların istehsalı üçün Z111 zavodunun bazasında istehsalat sahəsi yaradılıb.
STV-215 ACE 31 karabininin 215 mm lüləli variantıdır (ACE 31 hücum tüfəngi 216 mm uzunluğunda lüləyə malikdir).
Qeyd edək ki, STV-380 hücum tüfəngi AK/AKM avtomatlarının standart maqazinlərində 7,62×39 mm çaplı patronların istifadəsi üçün nəzərdə tutulub və İsrail istehsalı olan “Galil Ace 32” tüfənglərinin buraxılmasının lokallaşdırılması əsasında yaradılıb. Hücum tüfənginin lüləsinin uzunluğu 380 mm-dir (ACE 32 hücum tüfəngi 409 mm uzunluğunda lüləyə malikdir). Yerli nümunədə qundağın quruluşu da dəyişdirilib: “Galil ACE” ailəsi CAR-15/M4 tipli teleskopik qatlanan qundaqdan istifadə edirsə, STV-380 hücum tüfəngində klassik “Galil” tüfənginin yan tərəfə qatlanan qundağı tətbiq olunub. Hücum tüfəngləri həmçinin Z111 zavodu tərəfindən istehsal edilən və ABŞ-ın M203 qumbaraatanına əsaslanan 40 mm-lik OPL40M/T-40 lüləli qumbaraatanı ilə təchiz oluna bilir.
Yeri gəlmişkən, STV ailəsinə eyni çaplı və eyni patron maqazini üçün nəzərdə tutulmuş daha iki tüfəng də daxildir, lakin onların “Galil ACE” nümunələri ilə heç bir əlaqəsi yoxdur. Bunlar AK-15 avtomatının əsasında istehsal edilən STV-410 və AK-103 əsasında istehsal edilən STV-416 silahlarıdır. Onlar Vyetnam Xalq Ordusunun silahlanmasında deyillər.
Ancaq qeyd edildiyi kimi, bütün bu müddət ərzində qoşunlar yeni silahlar almayıb və görünür, silahlar hərtərəfli sınaqdan keçiriliblər. QPVN resursunun ən son görüntülərinə əsasən, indi silahlar ordu tərəfindən istifadə olunur. Belə ki, Vyetnam hərbçiləri STV-380 7,62×39 mm tüfəngi ilə məşq edirlər. O, nəhayət ki, nizami hissələrə daxil olub və Vyetnam Xalq Ordusu üçün standart atıcı silah kimi istehsal olunmağa davam edir.
Vyetnamda “Galil ACE” hücum tüfəngindən başqa, “Jericho-941” tapançasının, “Micro-Uzi” və “Uzi Pro” tapança-pulemyotlarının, “Negev” pulemyotunun və “GALATs” snayper tüfənginin bazasında da silahların istehsalı mənimsənilib.
Eyni zamanda, qeyd etmək lazımdır ki, qoşunlar İkinci Dünya müharibəsindən sonrakı erkən versiyalardan tutmuş Vyetnam müharibəsindəki Qərb modellərinə qədər kifayət qədər geniş çeşiddə pulemyotlardan istifadə etməyə hələ də davam edir.
Əhəd Əzizov