Vyetnama Yak-130 təyyarələri çatdırılıb
Vyetnam Rusiyanın Yak-130 təlim-döyüş təyyarələrini qəbul etməyə başlayıb.
“Poliqon” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, 3 ədəd təyyarədən ibarət ilk partiya artıq Vyetnama gəlib.
“Yak-130 təyyarələrinin ilk partiyası Vyetnama 2021-ci ilin sonunda çatdırılıb. Söhbət əvvəllər sifariş edilmiş 12 maşının 3-dən gedir”, – TASS müdafiə sənayesindəki öz mənbələrinə istinadən yazır. Eyni zamanda, “Rosoboroneksport” və Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidməti (FSVTS) hələlik məlumatı təsdiqləməyib.
Qeyd edək ki, Vyetnama təyyarələrin tədarükü barədə müqavilə 2019-cu ildə imzalanıb. Məlumatda “İrkutsk Aviasiya Zavodu” tərəfindən 350 milyon ABŞ dollarından artıq qiymətə inşa edilmiş ən azı 12 ədəd Yak-130 təlim-döyüş təyyarəsinin təhvil veriləcəyi bildirilsə də, sövdələşmənin təfərrüatları açıqlanmayıb. Vyetnam Hərbi Hava Qüvvələri (HHQ) tərəfindən alınan Rusiya təyyarələrinin eskadrilyası keçən əsrin 80-ci illərində ölkəyə tədarük edilmiş və artıq köhnəlmiş Çexoslovakiya istehsalı L-39 təyyarələrini əvəz etməlidir.
Xatırladaq ki, Yak-130 təlim-döyüş təyyarəsi ən yeni təlim təyyarələrindən biridir. Təyyarə Rusiyanın “A.S.Yakovlev adına Sınaq-Konstruktor Bürosu tərəfindən İtaliyanın “L’Alenia Aermacchi” şirkəti ilə birgə layihələndirilib. Tərəfdaşlar arasında fikir ayrılıqları səbəbindən modelin inkişafı son mərhələdə dayandırılmış və şirkətlərin hər biri gələcək təyyarənin baza versiyasının sənədlərini alıb. Bundan sonra hər iki şirkət öz modellərini – “L’Alenia Aermacchi” şirkəti M-346 təyyarəsini və “A.S.Yakovlev adına Sınaq-Konstruktor Konstruktor Bürosu” Yak-130 təyyarəsini buraxıb.
Qeyri rəsmi məlumatlara əsasən Yak-130 təlim-döyüş təyyarəsinin qiyməti Rusiya HHQ üçün 7 milyon, ixrac üçünsə 15 milyon ABŞ dollarıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, M-346 təyyarəsinin ixrac qiyməti 35 milyon ABŞ dolları civarındadır.
Yak-130 təyyarəsi indiyədək Rusiya HHQ (111 ədəd, 4 ədəd qəzada itirilib) ilə yanaşı Belarus (12 ədəd, 1 ədəd qəzada itirilib), Banqladeş 16 ədəd, 3 ədəd qəzada itirilib), Əlcəzair (16 ədəd), Myanma (18 ədəd) və Laos (10 ədəd) HHQ-də silahlanmada yer alıb. Artıq təyyarələrin ilk partiyasının tədarükü ilə Vyetnam da bu siyahıya daxil oldu.
Əhəd Əzizov