Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb edilib

Xarici ölkələrdə qanunsuz silahlı birləşmələrə qoşulan şəxslər məsuliyyətə cəlb edilib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən aparılmış araşdırmalar nəticəsində Azərbaycan vətəndaşları – 1976-cı il təvəllüdlü Hüseynov Seymur Əliş oğlunun və 1970-ci il təvəllüdlü Novruzbəyov Elxan Əmənulla oğlunun ölkəni tərk edib əvvəlcə İranın Tehran şəhərinə, oradan isə qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olmaq üçün qeyri-leqal yolla digər xarici dövlətlərin ərazisinə keçərək cinayətkar dəstələrə qoşulmaqla onların tərkibində döyüş təlimlərində və silahlı münaqişələrdə iştirakına dair əsaslı şübhələr müəyyən edilib.

Bu barədə “Poliqon”a Dövlət Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən məlumat verib.

İstintaq müddətində məlum olub ki, S.Hüseynov “Abuzər” ləqəbli şəxsin, E.Novruzbəyov isə Qasımov Vüsal Qəzənfəroviçin rəhbərlik etdiyi, qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olublar.

Faktla bağlı DTX-də istintaqı aparılan cinayət işi üzrə hər iki şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycandan kənarda qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak etmə) maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb olunubdur.

Bildirilib ki, hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, DTX-də ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak edən şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Poliqon.az

CATEGORIES
TAGS