Xocalıda aşkarlanan 2K11 “Kruq” ZRK Hərbi Qənimətlər Parkında yerləşdirilib – MEDİATUR
Xocalı rayonu ərazisində aşkarlanan 2K11 “Kruq” zenit-raket kompleksinin “1S32” raket tuşlama stansiyası və iki ədəd “2P24” buraxıcı qurğusu Bakı şəhərindəki Hərbi Qənimətlər Parkında yerləşdirilib.
“Poliqon” xəbər verir ki, bu barədə 15 İyun – Milli Qurtuluş Günündə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Hərbi Qənimətlər Parkına media nümayəndələri üçün təşkil edilən mediatur zamanı məlumat verilib.
Müdafiə Nazirliyinin hərbi qulluqçusu, mayor Tural Şükürov Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror əməliyyatından sonra Qarabağ iqtisadi rayonunda müsadirə edilmiş döyüş texnikası barədə danışıb.
O bildirib ki, lokal antiterror əməliyyatından sonra Xocalıda Ermənistan Silahlı Qüvvələrinin tərk etdiyi 2K11 “Kruq” zenit-raket kompleksi aşkarlanıb: “Biz kompleksə baxış keçirən zaman işlək vəziyyətdə idi. Əməliyyat zamanı kompleksdən istifadə edilsə də, hər hansı hava hücum vasitələrimizə atəş açılmayıb. Artıq bu kompleks Hərbi Qənimətlər Parkındadır”.
Hərbi qulluqçu mayor Əsgər Məmmədovun sözlərinə görə, buradakı texnikalar zenit-raket kompleksinin tərkib hissələrindən biridir: “Burada yerləşdirilən 2K11 “Kruq” zenit-raket kompleksinin 2 ədəd 2P24 tipli atıcı qurğusu və bir ədəd 1S32 raket tuşlama stansiyasıdır. Ordumuz bunları antiterror əməliyyatından sonra Xocalı rayonundan ələ keçirib. Bu iki element 2K11 “Kruq” zenit-raket kompleksinin tərkib elementlərinin bir neçəsidir. ZRK radiolokasiya stansiyasının vasitəsilə 105 km qədər hədəflərin aşkarlanması və izlənməsini həyata keçirir. Məhv edilməsi üçün qərar verilmiş hədəflərə atıcı qurğuları yönəldərək üstündəki 3M8, M1, M2, M3 tipli ratekləri hədəfə doğru tuşlayıb göndərir”.
Mayor Ə.Məmmədov onu da qeyd edib ki, bunlar döyüş mövqeyindən ələ keçirilib: “O zaman döyüşə yararlı idi. Bunlar bizim hava hücum vasitələrinin qarşısını almaq məqsədilə quraşdılmışdı. Amma quru qoşunlarımız sayəsində onları ələ keçirmişik. Bu texnikaların istismar müddəti bitib. Biz bu texnikalardan 10-15 il əvvəl imtina etmişik, bundan daha müasir və daha effektiv müasir texnikalarımız var”.
Hərbi ekspert Ramil Məmmədli sözügedən hava hücumundan müdafiə (HHM) sisteminin təyinatı, taktiki-texniki xüsusiyyətləri, eləcə də Vətən müharibəsindən öncə Ermənistan Silahlı Qüvvələri tərəfindən hansı məqsədlərlə istifadə olunması barədə məlumat verib.
“Ermənistan Silahlı Qüvvələri Vətən müharibəsindən əvvəl işğal etdikləri Qarabağ və ətraf rayonlarda hava hücumundan müdafiə imkanlarını gücləndirmişdir. Bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun döyüş aviasiya vasitələrinə təhdidlər yaradır və sıradan çıxarılması üçün müxtəlif tədbirlər həyata keçirirdilər. Vətən müharibəsində Azərbaycan Ordusu düşmən ordusunu darmadağın etdi. Sonrakı dövrdə bu ərazilərdə müxtəlif düşmən texnikaları var idi. Bu gün Azərbaycanın Hərbi Qənimətlər Parkında 2K11 “Kruq” zenit-raket kompleksinin görürük. Silahlar, bu kimi texnikaların aşkarlanması davam edir və onlar zərərsizləşdirilir”, – deyə hərbi ekspert qeyd edib.