Yak-130 təyyarələrinin növbəti partiyası sifarişçiyə çatdırılıb

Yak-130 təyyarələrinin növbəti partiyası sifarişçiyə çatdırılıb

“Birləşmiş Aviasiya Korporasiyası” Yak-130 təlim-döyüş təyyarələrinin növbəti partiyasını Rusiya Müdafiə Nazirliyinə təhvil verib.

“Poliqon” “Rostex” Dövlət Korporasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, təyyarələr “Birləşmiş Aviasiya Korporasiyası”nın “İrkutsk” aviasiya zavodu tərəfindən istehsal edilib.

““İrkutsk” aviasiya zavodu dövlət müdafiə sifarişi üzrə öz öhdəliklərini yerinə yetirir. Aviasiya avadanlıqlarının istehsalı qrafikə uyğun aparılır. Bu il çatdırılması planlaşdırılan nğvbəti təyyarələr istehsaldadır”, – deyə tədarüklə bağlı fikirlərini bölüşən “Birləşmiş Aviasiya Korporasiyası”nın baş direktoru Yuri Slyusar bildirib.

Yak-130, Rusiya Aerokosmik Qüvvələri tərəfindən döyüş pilotlarının hazırlanmasında istifadə olunan əsas təlim təyyarəsidir. O, 4+ və 5-ci nəsil döyüş təyyarələrini idarə edəcək pilotların hazırlanması üçün təyin olunub. Bu baxımdan Yak-130, öz sinifində ən yeni təlim təyyarələrindən biri hesab edilir.

Təyyarə Rusiyanın “A.S.Yakovlev adına Sınaq-Konstruktor Bürosu” tərəfindən İtaliyanın “L’Alenia Aermacchi” (hazırda “Leonardo”nun tərkibindədir) şirkəti ilə birgə layihələndirilib. Tərəfdaşlar arasında fikir ayrılıqları səbəbindən modelin inkişafı son mərhələdə dayandırılıb və şirkətlərin hər biri gələcək təyyarənin baza versiyasının sənədlərini alıb. Bundan sonra hər iki şirkət öz modellərini – “L’Alenia Aermacchi” şirkəti M-346 təyyarəsini və “A.S.Yakovlev adına Sınaq-Konstruktor Bürosu” Yak-130 təyyarəsini buraxıb.

Qeyri rəsmi məlumatlara əsasən, Yak-130 təlim-döyüş təyyarəsinin qiyməti Rusiya Aerokosmik Qüvvələri üçün 7 milyon, ixrac üçünsə 15 milyon ABŞ dollarıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, M-346 təyyarəsinin ixrac qiyməti 35 milyon ABŞ dolları civarındadır.

Yak-130 təyyarəsi indiyədək Rusiya, Belarus, Banqladeş, Əlcəzair, Myanma, Laos və Vyetnam Hərbi Hava Qüvvələri tərəfindən seçilib.

Poliqon.az

CATEGORIES
TAGS