
“Birləşmiş Aviasiya Korporasiyası”nın (UAC) “A.S. Yakovlev” adına Sınaq-Konstruktor Bürosu tərəfindən hazırlanmış Yak-130M təlim-döyüş təyyarəsinin prototipi ilk uçuşunu yerinə yetirib.
“Poliqon”un UAC-yə istinadən verdiyi xəbərə görə, uçuş təxminən 50 dəqiqə davam edib və 2000 metrədək yüksəklikdə, saatda 600 km-dək sürət rejimlərində həyata keçirilib.
Bildirilib ki, uçuş tapşırığı tam yerinə yetirilib və təyyarə ilə bağlı heç bir irad qeydə alınmayıb.
Yak-130M genişləndirilmiş döyüş imkanlarına malik təkmil təlim-döyüş təyyarəsidir. O, Rusiyanın Hava-Kosmik Qüvvələri və bir sıra Avropa, Asiya, Afrika ölkələrinin Hərbi Hava Qüvvələri tərəfindən istismar olunan Yak-130 təyyarəsi əsasında hazırlanıb.
Xatırladaq ki, 2025-ci ilin noyabr ayında UAC və “Rosoboroneksport” Yak-130M təyyarəsinin prototipini “Dubai Airshow 2025” sərgisində təqdim edib.
İstehsalçının bildirdiyinə görə, hazırda həm Yak-130 təyyarələrinin mövcud istifadəçiləri, həm də yeni potensial müştərilər bu platformaya maraq göstərirlər.




