
Yaponiya ESSM Block 2 raketlərini lisenziya əsasında istehsal edəcək
Yaponiyanın “Mitsubishi Electric Corporation” (MELCO) şirkəti ABŞ-ın “Raytheon” şirkətinin ESSM Block 2 zenit idarə olunan raketlərini lisenziya əsasında istehsal edəcək.
“Poliqon” “Raytheon”a istinadən xəbər verir ki, bununla bağlı şirkətlər arasında dəyəri 250 milyon ABŞ dolları olan müqavilə imzalanıb.
Birbaşa Kommersiya Satışı çərçivəsində imzalanan bu müqaviləyə görə, “Raytheon” şirkəti MELCO-nun Yaponiyada raket istehsal etməsi üçün ona raket dəstləri, ehtiyat hissələri və texniki yardım göstərəcək.
Gəmidən buraxılan ESSM Block 2, qısa/orta mənzilli idarə olunan raketdir. ESSM Block 2, sələfi Block 1 ilə müqayisədə artırılmış manevr qabiliyyətinə və təkmilləşdirilmiş performansa sahibdir. Ən son ESSM variantı müxtəlif döyüş sistemlərinə və buraxıcı qurğulara inteqrasiya oluna bilər. Çətin dəniz şəraitində yüksək performans təklif edən ESSM Block 2 raketi proqram təminatı təkmilləşdirmələri vasitəsilə inkişaf edən təhdidlərlə ayaqlaşmaq üçün əhəmiyyətli rəqəmsal emal imkanına malikdir.
Hazırda ESSM raketləri 12 ölkə – Avstraliya, Belçika, Kanada, Danimarka, Almaniya, Yunanıstan, Hollandiya, Norveç, Portuqaliya, İspaniya, Türkiyə və ABŞ tərəfindən istifadə olunur.