Yaponiya HDQ ikinci avisdaşıyıcısını hazırlayır
Yaponiya 2027-ci ilə qədər iki aviadaşıyıcıya sahib olacaq.
“Poliqon” xəbər verir ki, Yaponiya Hərbi Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidməti JS “Kaga” helikopterdaşıyıcısının Kure şəhərində (Xirosima prefekturası) dokda yenidən təchiz olunmanın birinci mərhələsində olduğunu açıqlayıb.
Qeyd edilir ki, gəminin yenidən təchiz edilməsi iki mərhələdə baş tutacaq. Birinci mərhələ 2023-cü ildə, ikinci mərhələ isə 2027-ci ildə tamamlanmalıdır. Bütün işlər başa çatdıqdan sonra JS “Kaga” aviadaşıyıcıya çevriləcək və F-35B “Lightning II” şaquli uçuş və eniş (VTOL) qırıcısı ilə tam şəkildə işləyə biləcək.
Xatırlatmaq lazımdır ki, Yaponiya F-35 qırıcılarının hazırlanması proqramında iştirak edən ölkələrdən biridir və HHQ üçün qırıcının F-35A modifikasiyasını alır.
Yaponiyanın özünün “İzumo” sinifli helikopterdaşıyıcılarını yüngül aviadaşıyıcıya çevirmək planları ilə bağlı şayiələr uzun müddətdir ki, KİV-də dolaşır. Hələ 2018-ci ildə Yaponiya hökumətinin bu gəmilər üçün F-35B qırıcıları almaq məqsədi ilə aviaqanad yaratmaq niyyəti barədə məlumatlar yayılmışdı. Bundan sonra JS “Izumo” gəmisinin yenidən təchiz edilməsinə başlanılıb.
“İzumo” adını helikopter daşıyıcılarının növünə verən ilk gəminin təməli 27 yanvar 2012-ci ildə qoyulub, 2013-cü ilin avqustun 6-da suya buraxılıb və 2015-ci ilin martin 25-də istismara daxil edilib.
Bu tip gəmilərin uzunluğu 248 m, eni 38 m, suya oturması 7,5 m və sürəti 30 düyünə (56 km/saat) qədərdir. Gəminin heyəti 470 nəfərdən ibarətdir, göyərtədə əlavə olaraq 500 nəfərə qədər desant yerləşdirilə bilər. Aviaqanad 9 helikopterdən ibarətdir, lakin gəmilərin hər birinə maksimum 28 uçuş aparatı (helikopter, konvertoplan, qırıcı) yerləşdirilə bilər.
Əhəd Əzizov