Yaponiyada XLUUV sualtı pilotsuz aparatı təqdim olunub

Yaponiyada XLUUV sualtı pilotsuz aparatı təqdim olunub

Yaponiyada ilk dəfə XLUUV (Extra-Large Unmanned Undersea Vehicle) layihəsinin yeni super-böyük pilotsuz sualtı aparatının dizaynı təqdim olunub.

“Polion” xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin Satınalmalar, Texnologiya və Logistika Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, XLUUV layihəsi aparatının dizaynı ilk dəfə Yaponiyada keçirilən “DSEI Japan 2023” sərgisində nümayiş etdirilib.

Yaponiya öz müttəfiqləri ilə – bir az əvvəl oxşar proqramlara start vermiş ABŞ (“Boeing” və “Huntington Ingalls Industries” şirkətləri) və Böyük Britaniya (“MSubs” şirkəti) ilə ayaqlaşmağa çalışır. Bundan başqa, Avropada XLUUV tipli pilotsuz sualtı aparatlarının inkişafı üçün Fransa (“Naval Group” şirkəti) və Almaniyada (“ThyssenKrupp Marine Systems” şirkəti) da layihələrə başlanılıb. Asiyada Cənubi Koreya və Çin də böyük pilotsuz sualtı aparatlar üzərində işləyir.

Yaponiyanın XLUUV pilotsuz sualtı aparatının konstruksiyası modul tiplidir, buna görə də konkret nümunənin ölçüsü dəyişə bilən faydalı yük modulunun ölçülərindən asılıdır. Baza modulun uzunluğu 10 metr, tapşırıq (faydalı yük) modulu ilə aparatın təxmini uzunluğu isə 15 metrdən çox olacaq. Diametri 1,8 metrdir.

Layihənin baş podratçısı Yaponiyanın “Mitsubishi Heavy Industries” (MHI) şirkətidir.

XLUUV pilotsuz sualtı aparatının əsas xüsusiyyətləri bunlardır:

  • suüstü gəmi dəstəyi olmadıqda uzaq dəniz zonasında yerləşmə;
  • sualtı qayıqlardan müdafiə, mina əleyhinə mübarizə, kəşfiyyat, radioelektron mübarizə və s. kimi geniş spektrli tapşırıqlara uyğunlaşma.

Layihənin məqsədi XLUUV pilotsuz sualtı aparatının süni intellektin köməyi ilə ətraf mühitə avtonom şəkildə uyğunlaşa bildiyini və müxtəlif növ tapşırıqları yerinə yetirə biləcəyini nümayiş etdirməkdir.

Qeyd edək ki, hazırda Yaponiya sualtı qayıqlar üçün yeni texnologiyaların tətbiqində ön sıralardadır. Belə ki, Yaponiya Hərbi Dəniz Qüvvələri sualtı qayıqların göyərtəsində litium əsaslı batareyalar quraşdıran ilk ölkədir. Belə təcrübəyə sahib olmaq bu layihəyə etibarlılıq əlavə edir. XLUUV pilotsuz sualtı aparatının batareya paketi də tapşırıq tələblərindən asılı olaraq modul tiplidir və litium-ion texnologiyasından istifadə edir.

XLUUV layihəsi üzərində işlərə 2019-cu ildə başlanıb. Bu il, aparat modullarının istehsalı üçün təchizatçıları və tərəfdaşları müəyyənləşdirmək planlaşdırılır. XLUUV prototipinin istismar və gediş sınaqları artıq başlayıb və 2025-ci ilə qədər davam edəcək.

336088384 196946076404379 1579339050718375512 n

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS