Yeni hərbi gəmilər Türkiyə HDQ-yə təhvil verilib – FOTOLAR

Yeni hərbi gəmilər Türkiyə HDQ-yə təhvil verilib – FOTOLAR

Türkiyədə “Aksaz” Tərsanə Komandanlığının açılışı və dəniz platformalarının təhvil vermə mərasimi keçirilib.

“Poliqon” Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Güler, Hərbi Dəniz Qüvvələrinin komandanı Ercüment Tatlıoğlu və digər rəsmi şəxslər iştirak edib.

Mərasim zamanı əvvəlcə Aksaz” Tərsanə Komandanlığının açılışı baş tutub. Daha sonra TCG PİRİREİS sualtı qayığı, üç ədəd YAKIT (2, 3 və 4) yanacaqdoldurma gəmisi və 3000 ton tutumlu “Sualtı qayıq Hovuzu” üzən tərsanəsi Türkiyə Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.

Həmçinin HIZIRREİS sualtı qayığının dəniz sınaqlarına və MURATREİS sualtı qayığının avadanlıqlarla təchiz olunması fəaliyyətlərinə başlanılıb.

Mərasimdə çıxış edən prezident Rəcəb Tayyib Ərdoğan, sualtı qayıqların Hərbi Dəniz Qüvvələri Komandanlığının strateji elementlərindən biri olduğunu bildirib: “Bu gün xidmətə girən TCG PİRİREİS, havadan asılı olmayan hərəkət sistemli 6 sualtı qayığımızdan birincisidir. PİRİREİS sualtı qayıqlarımızda indiyədək 380-dən çox zavod, liman və naviqasiya qəbulu sınaqları uğurla həyata keçirilib. Reis sinifli sualtı qayıqlarımız dünyadakı analoqlarından çox üstün xüsusiyyətlərə malikdir.

PİRİREİS sualtı qayığımız səthə çıxmadan uzun müddət fəaliyyət göstərə biləcək. Bayraq qaldırma və naviqasiya sınaqlarına başladığımız HIZIRREİS sualtı qayığımızı 2025-ci ildə, avadanlıq təchizat fəaliyyətinə başladığımız MURATREİS sualtı qayığımızı isə 2026-cı ildə istifadəyə verməyi planlaşdırırıq. Dördüncü sualtı qayığımız AYDINREİS, beşinci sualtı qayığımız SEYDİALIREİS və altıncı sualtı qayığımız SELMANREİS-in inşa işləri sürətlə davam edir. Layihə çərçivəsində bütün sualtı qayıqlarımızı 2029-cu ilə qədər istifadəyə verməklə donanmamızın gücünü artıracayıq”.

Türkiyə Prezidenti Hərbi Dəniz Qüvvələrində yeni təməllər qoyacaq TF-2000 destroyerinin, milli sualtı qayığın və milli təyyarə gəmisinin dizayn işlərinin davam etdiyini açıqlayıb.

“Tezliklə “İstanbul” tərsanəsində inşasına başlanacaq TF-2000 destroyeri ilə ölkəmizin hava hücumundan müdafiəsini mərhələli şəkildə dənizdən təmin edəcəyik. “TCG Anadolu” və milli təyyarə gəmisi kimi kritik imkanlarımızın hava təhdidlərinə qarşı qorunmasını təmin edəcəyik. Milli təyyarə gəmimizdə yerli və milli təyyarələrimiz HÜRJET, KIZILELMA, TB3 və ANKA-3 ilə xaricdəki təsir sahələrində hüquq və maraqlarımız qorunacaq”, – deyə R.T.Ərdoğan vurğulayıb.

Sözügedən gəmiləri yerli və milli qaynaqlarla hazırlanmış MIDLAS ilə təchiz etdiklərini bildirən Türkiyə prezidenti deyib ki, bu yolla “Atmaca”, “Sapan” və “Gezgin” kimi yerli istehsal edilən raketləri milli olaraq ərsəyə gətirilmiş buraxıcı qurğudan atmaq imkanı qazanılıb.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin müdafiə sənayesi sahəsindəki inkişafından da danışıb. Onun sözlərinə görə, son 22 ildə müdafiə sənayesində ciddi irəliləyişlər əldə edilib: “Ölkəmizdə 2002-ci ildə 62 olan müdafiə sənayesi layihələrinin sayı 1013-ə, müdafiə sənayesi şirkətlərinin sayı 56-dan 2500-ə yüksəldi. Müdafiə sənayesi layihələrinin ümumi həcmi 96 milyard dolları keçib. Əvvəllər hərbi gəmilərimizi xaricdən hazır almaqla və ya xarici dizayndan və yerli istehsaldan istifadə etməklə alırdıqsa, bu gün müxtəlif kateqoriyalarda bir çox məhsul dizayn edir, istehsal edir və ixrac edirik”.

CATEGORIES
TAGS