Yeni Zelandiya “Bushmaster” zirehli maşınları alır

Yeni Zelandiya “Bushmaster” zirehli maşınları alır

Yeni Zelandiya Müdafiə Nazirliyi, “Thales Australia” şirkəti tərəfindən ölkənin Silahlı Qüvvələri üçün “Bushmaster” zirehli maşınların istehsalına başladığını elan edib.

“Poliqon” xəbər verir ki, Yeni Zelandiya Ordusu üçün “Bushmaster” zirehli maşınları Avstraliyanın Viktoriya ştatının Bendigo şəhərindəki “Thales Australia” müəssisəsində istehsal edilir.

Yeni Zelandiya Müdafiə Nazirliyi 2020-ci ilin iyul ayında Avstraliyanın “Thales Australia” şirkəti ilə 43 ədəd “Bushmaster” zirehli maşınların tədarükünə dair müqavilə bağlayıb. Müqaviləyə əsasən ilk “Bushmaster” zirehli maşınının sifarişçiyə təhvil verilməsi 2022-ci ilin sonuna planlaşdırılıb.

“Bushmaster” NZ5.5 versiyasında hazırlanan hərbi maşınların tam çatdırılması 2023-cü ildə tamamlanacaq. Bu maşınlar hazırda Yeni Zellandiya Ordusunda xidmətdə olan 321 ədəd “Pinzgauer” hərbi maşınlarının bir qismini əvəz edəcək. Çatdırılmanın dəyəri 67,5 milyon ABŞ dolları təşkil edəcək ki, bura 43 ədəd zirehli maşın, onların simulyatorları, köməkçi texnikaların tədarükü, kadrların hazırlanması və infrastrukturun modernləşdirilməsi də daxildir.

“Bushmaster” zirehli nəqliyyat vasitələrindən komandan və rabitə maşını kimi, habelə təcili yardım maşını, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması və birgə sülhməramlı əməliyyatlarda qoşunların daşınması vasitəsi kimi istifadə edilməsi nəzərdə tutulub.

“Bushmaster” çox məqsədli zirehli maşını 10 nəfərlik heyət daşımaq üçün nəzərdə tutulub. Maşının kütləsi 15,4 ton, yükdaşıma qabiliyyəti 5 ton, uzunluğu 7,18 m, eni 2,48 m, hündürlüyü 2,65 m, maksimum sürəti 100 km/saatdır.

Qeyd edək ki, “Bushmaster” zirehli maşınları hazırda Avstraliya, Hollandiya, Böyük Britaniya, Yaponiya, İndoneziya kimi ölkələrin Silahlı Qüvvələrinin arsenalında yer alır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS