“Yörük 4×4” zirehli maşınları daha dörd ölkədə ordunun silahlanmasına daxil olacaq

“Yörük 4×4” zirehli maşınları daha dörd ölkədə ordunun silahlanmasına daxil olacaq

Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən və zirehli texnika istehsalçısı olan “Nurol Makina” şirkəti cari ilin 17-20 avqust tarixlərində İstanbulda keçirilən İDEF-2021 15-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində ilk dəfə “Yörük 4×4” pikapını təqdim edib.

“Poliqon” xəbər verir ki, Türkiyə istehsalı olan “Yörük 4×4” taktiki təkərli zirehli transportyoru (ZTR) daha dörd ölkənin ordusunda silahlanmaya daxil olacaq.

“Yörük 4×4” ZTR-in pikap versiyası həm döyüş maşını, həm də logistik məqsədlərdən ötrü çoxməqsədli vasitə kimi istifadə üçün uyğundur. Müxtəlif növ faydalı yüklərin inteqrasiyası və silah sistemlərinin quraşdırılması sayəsində “Yörük 4×4” ZTR-in pikap versiyasının istifadə imkanları genişləndirilib.

İstehsalçının səlahiyyətli nümayəndəsinin sözlərinə görə, “Yörük 4×4” taktiki təkərli ZTR-in test sınaqları tamamlanıb və bir neçə ixrac müqaviləsi imzalanıb. Şirkət nümayəndəsi potensial müştərilərin adını açıqlamasa da, bir neçə sifarişin alındığını və şirkətin onlar üzərində işləməyə başladığını bildirib. Onun sözlərinə görə, “Yörük 4×4” ZTR-in pikap versiyasının seriyalı istehsalına gələn il başlanacaq və dörd ölkəyə il ərzində tədarük etdiriləcək.

“Nurol Makina” şirkəti tərəfindən hazırlanan “Yörük 4×4” zirehli pikap orijinal modul quruluşuna malikdir. Çoxməqsədli zirehli avtomobil sərt hava şərtlərində və coğrafi şəraitdə silah və sursatı təhlükəsiz şəkildə nəql edə bilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS